“Təlim-məşq toplanışı çərçivəsində ən çox “Qalatasaray”la keçirilən yoxlama görüşündən razı qaldım”.
Apasport.az saytının məlumatına görə, bunu Konfrans Liqasının II təsnifat mərhələsində “Qəbələ” ilə qarşılaşacaq “Fehervar”ın baş məşqçisi Mixael Boris yoxlama görüşündə Türkiyə klubu “Qalatasaray” üzərində 1:0 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.
Almaniyalı mütəxəssis istanbullularla qarşılaşmadan razı qaldığını söyləyib: “Çoxlu qol şansları yaratdıq, topla yaxşı rəftar etdik və qalib gəldik. Üç yoxlama matçı arasında ən çox “Qalatasaray”la görüşə görə sevinirəm. Bu oyun Konfrans Liqasında “Qəbələ” ilə keçiriləcək matç üçü əla sınaq oldu”.
Macarıstan klubunun çalışdırıcısı artıq “Qəbələ” barədə düşünəcəklərini vurğulayıb: “Həftə ərzində “Qəbələ” ilə matçı təhlil edəcəyik. Start “11-liy”ini beynimdə formalaşdırmağa başlamışam. Hətta əvəzedicilərə də çox ehtiyacımız var. Təlim-məşq toplanışını ilkin olaraq planlaşdırılandan bir gün əvvəl bitiririk. Çünki hazırlığın son mərhələsinə keçməzdən əvvəl futbolçuların bir az istirahətə ehtiyacı olacaq”.
Qeyd edək ki, “Qəbələ” ilə “Fehervar” arasında ilk oyun iyulun 21-də “MOL Arena Sosto”da, cavab görüşü isə ayın 28-də Qəbələ şəhər stadionunda keçiriləcək.