“Füzulinin işğaldan azad olunduğu gün həyatımda, bəlkə də, ən qeyri-adi hisslərdən birini yaşadım”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Qara Qarayev Peşəkar Futbol Liqasına müsahibəsində deyib.
29 yaşlı yarımmüdafiəçi Füzuli rayonunun işğaldan azad olunmasının 2 illiyi ilə bağlı fikirlərini bölüşüb: “Sevinc, qəhər və digər bütün hisslər bir-birinə qarışmışdı. Bilmirdin sevinəsən, üzüləsən, hansı reaksiya ilə qeyd edəsən. Çünki Füzulinin işğaldan azad olunduğu gün şəhidlərimiz var idi, neçə qəhrəmanımız səmaya ucalmışdı. Bunun da üzüntüsü var idi”.
Qarayev 1993-cü ildə Füzulinin işğalından sonra yaşadıqları çətinliklərdən bəhs edib: “Müvəqqəti Beyləqan şəhərində məskunlaşdıq. Ondan sonra Bakıya köçməli olduq. Paytaxtda “Papanin” deyilən qəsəbədə məskunlaşdıq. Ondan sonra həyatımızı Yasamalda davam etdirdik. Xüsusən Birinci Qarabağ Müharibəsinin bizdən aldığı təkcə torpaqlar olmayıb. Bizdən aldığı ümidlər, illərin əziyyəti olub. Bir milyona yaxın qaçqının illərdir qurub, xəyal etdiyi düşüncələri məhv edib. Oradan gəlib burada yenidən həyat qurmaq çox çətin idi. Müharibəni heç vaxt arzulamaram. Çünki qardaşlarımda və məndə qoyduğu təsirlər var. Bəlkə də, bundan sonrakı həyatımda onları üzərimdən ata bilməyəcəyəm. Bakıya gəldiyimiz zaman qalmağa heç ev də yox idi. İstənilən halda bu gözəl xəbərlə ora qayıtmaq bütün çətinliklərin üstünü bağladı”.
Yarımmüdafiəçi Bakıya gəldikləri zaman Ulu Öndər Heydər Əliyevin onlarla keçirdiyi görüşü də xatırlayıb: “Ora tələbə yataqxanası idi və yüzlərlə qaçqın yaşayırdı. Ulu Öndərin bizimlə görüşdə işlətdiyi sözlər heç vaxt yadımdan çıxmır. Dedi ki, sizin vəziyyətiniz hər zaman məni düşündürür, diqqət dairəmdədir və heç vaxt sizi yalnız qoymayacağıq, problemlərinizin həlli üçün əlimizdən gələni edirik”.
Qara Qarayev gələcəkdə Füzulidə yaşamaq istədiyini də gizlətməyib: “Ailəmə də demişəm ki, bütün maneələr götürüldükdən sonra dərhal kəndimizə qayıdacağam. Öz evimizin yerində yenidən evimizi inşa etmək, orada yaşamaq istəyirəm. Orada müvəqqəti, yoxsa daimi yaşayacağımı bilmirəm. Bunu zaman göstərəcək”.
Futbolçu sonda “Füzuli” komandasının Premyer Liqada çıxışı üçün hər cür köməklik göstərməyə hazır olduğunu bildirib: “Füzulinin Azərbaycan futboluna qayıtmasında daha çox dəstək olmaq istəyirəm. İndi də “Füzuli” komandası var. Rayon işğaldan azad olunduqdan sonra orada yaşaya biləcək əhalinin sayına görə daha keyfiyyətli, maddi resursları yaxşı olan komanda yaratmaq olar. Xəyalım budur. Allah izin verərsə, hər şey qaydasında olarsa, yenidən “Füzuli”ni Azərbaycan çempionatına qaytarmaq istəyərəm”.