“Bütün komanda üzvlərimizə təşəkkür edirəm. Çünki kubok yolu bir az çətin idi”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Qara Qarayev deyib.
Təcrübəli yarımmüdafiəçi Azərbaycan kubokunun “Zirə” ilə Qəbələdəki final (1:1, p.4:3) matçından sonra jurnalistlərə açıqlamasında matçı dəyərləndirib: “Bizim üçün ağır keçdi. Amma bu kuboku əldə etdik. “Zirə”yə qarşı final görüşü ağır alındı. Amma sonda kuboku qazandıq. Bu, bizim üçün əlavə sevinc, əlavə motivasiyadır. Bütün azarkeşlərimizə, “İmarət”imizə, “Qarabağ Ordu”muza təşəkkür edirəm. Həqiqətən qarşımıza qoyulan bütün məqsədlərə çatdıq. Bundan sonra da işimizə davam edəcəyik. Matçın sonlarına yaxın bir az da “Neftçi” ilə oyunun ssenarisini fikirləşirdim. Amma şükürlər olsun ki, yekunda qalib gəldik. Bir az çətin oldu. Bura gəlmək, burda oynamaq Bakıdan bir az fərqli, bir az ağırdır. Bunun öhdəsindən 120 dəqiqədə gəldik. Layiq olduğumuz qələbəni qazandıq. “Zirə”yə təşəkkür edirəm. Rəşada da uğurlar arzulayıram. O, son vaxtlar daha möhtəşəm, daha yaxşı, daha sıx, qol buraxmayan komanda formalaşdıra bilib”.