Qara Qarayev: "Millidə olmamağımın üzüntüsünü yaşayıram"
14.11.2022 - 15:32
Qara Qarayev: "Millidə olmamağımın üzüntüsünü yaşayıram"

“Baş məşqçi növbəti dəfə qərarında qaldı və artıq dəyişəcək, ya deyəcək bir şey yoxdur”. 

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Qara Qarayev deyib.

Təcrübəli yarımmüdafiəçi növbəti dəfə Azərbaycan yığmasına çağırılmamağına münasibət bildirib. O qeyd edib ki, hazırda milli komandada olmamağının üzüntüsünü yaşayır: “10 ildir mütəmadi olaraq yığmada çıxış etmişəm və layiqli təmsil etməyə çalışmışam. Baş məşqçi 2 təlim-məşq toplanışıdır ki, artıq eyni fikirdə qalır. Yenə öz mövqeyimdəyəm, yenə də onun qərarına hörmətlə yanaşıram. Hər zaman milliyə layiq olmağa çalışmışam. Komandaya niyə çağırılmamağımın səbəbini hələ də bilmirəm. Hər kəsə uğurlar arzulayıram. Yığmadakı komanda yoldaşlarıma toplanışı sağlam şəkildə başa vurmağı, zədəsiz klublarına qayıtmağı və millini layiqincə təmsil etməyi arzulayıram”. 

Qarayev bildirib ki, baş məşqçi Canni de Byazi ilə hansısa problemi olmayıb və hər şey iyundakı toplanışda başlayıb: “4 ayadək müddət keçməsinə baxmayaraq, bu haqda danışmırdım. Kimləsə nəsə paylaşmaq da istəmirdim. Amma sentyabrdakı təlim-məşq toplanışda baş məşqçi bəzi sözlər dedi və məcburiyyət qarşısında qalıb cavab verdim. Məcburiyyət olmasaydı, yenə də danışmayacaqdım. Yenə də nəsə demək istəmirəm və heç kimlə xüsusi problemim olmayıb. Əgər iddia edirlərsə, Qara Qarayev oynamaq davası edib, buna sevinməlidirlər ki, Azərbaycanda belə futbolçular var. Yenə də çox danışmaq istəmirəm. Milli komandaya uğurlar arzulayıram. Hər kəsin komandasıdır. İndi azarkeş kimi dəstək olacam. İmkan olsaydı, idmançı kimi də dəstək olardım. Bu məsələlər məni yığmaya sevgimdən, vətənpərvərlik hissiyyatımdan ayırmır. Canni De Byazi məni 10 il milliyə çağırmasa, yenə milli üçün can yandıracam. Yığmada olmaq üçün mütəmadi çalışacağam”. 

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 16-da səfərdə Moldova, 4 gün sonra isə Şimali Makedoniya ilə oynayacaq. 

writer photo
Əlirza Əlirzalı
0