“Qarabağ” ÇL-in ən məhsuldar klubları sırasına düşdü
28.07.2022 - 10:10
“Qarabağ” ÇL-in ən məhsuldar klubları sırasına düşdü

Çempionlar Liqasında (ÇL) II təsnifat mərhələsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində yoluna davam edən “Qarabağ” bəzi statistik göstəricilərdə liderlər qrupundadır.

Azərbaycan çempionu keçirdiyi ilk 4 qarşılaşmada ən məhsuldar klublar sırasındadır. İlk iki raundda rəqib qapılarında ümumilikdə 10 top keçirən Qurban Qurbanovun yetirmələri 12 qol vuran “Bodo Qlimt” və “Reykyavik”dən sonra üçüncüdür.

Ümumi zərbə sayında (52) ilk “beşlik”də qərarlaşan “Qarabağ” bunun 24-də çərçivəyə düşə bilib. Bu göstəricidə isə təmsilçimiz yalnız “Malmö” (29 zərbə) və “Bodo Qlimt”dən (25) geri qalır. “Qarabağ”ın 12 zərbəsinə isə müdafiəçilər tərəfindən blok qoyulub. Bu statistikada da ağdamlılar üçüncüdür.

Korner sayında isə “Qarabağ” liderliyini davam etdirir. İlk 4 matçda ümumilikdə 30 dəfə künc nöqtədən topu meydana daxil edən Azərbaycan çempionunu 29 belə toxunuşla “Bodo Qlimt” izləyir.

Ağdam təmsilçisi qayda pozuntularına görə də birincidir. Təmsilçimiz ümumilikdə 63 dəfə rəqibin hücumunu kobudluqla dayandırıb. “Qarabağ” futbolçuları isə özləri 58 dəfə kobudluğa məruz qalıblar ki, bu baxımdan da üçüncü sıradadırlar.

Turnirdə ən çox sarı vərəqə alan komanda “Şkupi”dirsə (19 dəfə), “Qarabağ” 15 sarı ilə ikinci yerdədir.

Qeyd edək ki, “Qarabağ” ÇL-in III təsnifat mərhələsində Macarıstan çempionu “Ferensvaroş”la üz-üzə gələcək.
 

writer photo
Əlirza Əlirzalı
0