Zaur Ramazanov: “İndi elə futbolçu görmürəm” - MÜSAHİBƏ
18.11.2023 - 17:01
Zaur Ramazanov: “İndi elə futbolçu görmürəm” - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq futbolçusu Zaur Ramazanovun apasport.az saytına müsahibəsi

- Bir vaxtlar millinin formasını geyinən futbolçu kimi bu dönəmlərdə "kaş mən də olsaydım" yaxud "mən olsaydım bunu edərdim" deyirsiz?
- Millinin oyununa kənardan baxmaq çətindir, deyirsən kaş ki, mən də oynayardım. Amma, reallıqla barışırsan ki, belədir. Orda olsaydım, qolların sayı çox olardı. Həm də o vaxt biz hücuma meylli oynayırdıq. Dəyişiklik olsaydı , bizim zamanlımızdakı kimi hücuma daha güclü oyunçuları qoyardım, yəni hücumçuların sayını artırardım.

- Müsahibələrinizin birində "Qardaşımın məndən güclü futbolçu olmasını istəyərdim" demişdiniz. Bu illər ərzində nə dəyişdi?
- Qardaşım yaxşı futbolçu olmaq üçün mənimlə birgə oynamalı idi ki, sirləri öyrənsin. Yaş fərqimiz az olsaydı daha yaxşı olardı. Amma arada 15 il fərq var, mümkün olmadı. Bir yerdə oynasaydıq, öyrənərdi ki, hücumçu necə olmalıdır. Həm də Ağabala get-gedə hücum mövqeyini də dəyişdi, sağdan, soldan hücuma meylli oynadı. Amma, mən sırf hücumçu idim. Mənimlə oynasaydı, məndən də güclü ola bilərdi.

- Maraqlıdır ki, bir vaxtların güclü futbolçusu, dəfələrlə bombardir titulunun sahibi olsaz da, legioner həyatı yaşamadız. Niyə xarici klublara getmədiniz? Yoxsa ürəyinizcə təklif olmadı?
- Mən başqa ölkədə qala bilmirəm. Biz səfərə gedəndə də görürdüm ki, 3-5 gün birtəhər qalıram. Əlbəttə, təkliflər çox idi. Hətta birbaşa müqavilə təklif edirdilər. Yoxlanış, nəyəsə baxmağa da ehtiyac yox idi. Həm də burda o vaxtı sponsorlar, hər cür vəziyyət indikindən yaxşı idi. Məsələn, İran, Türkiyə, Rusiyadan çox təkliflər oldu, amma getmədim.

- Yəni, o vaxt klublarımızın vəziyyəti yaxşı olduğu üçün getmədiniz, yoxsa vətəndən uzaq qala bilmədiyiniz üçün?
- Ən əsası uzaq qala bilmədiyimi fikirləşdiyim üçün getmədim. Bəlkə də getsəydim, qala bilərdim. Özlüyümdə düşünürdüm ki, yox, qala bilməyəcəm, bura yaxşıdır. Hər təklif gələndə buna görə də dəyərləndirməmişəm. Ona görə də vətəndə qalmağı seçdim.

- Veteran futbolçular əksər hallarda məşqçiliyi seçir, siz niyə belə davam etmədiniz? 
- İstəyirdim məşqçi kimi davam edim. Amma bir az hövsələ o səviyyədə deyil. Məşqçilik də bir az incə işdir. Gərək, kiməsə güzəşt edəsən, mən də onu bacarmıram. Yəni, özüm köməkçi məşqçi kimi gedirdim. Yunis Hüseynov, Mahmud Qurbanovla da çalışmışam. Hal-hazırda AFFA-da 13 yaşdan 19 yaşadək futbolçular üzrə koordinator kimi fəaliyyət göstərirəm.

- "Xəzər Lənkəran"ın sizin üçün ən doğma komanda olduğunu demisiniz. Bu komandanın yoxluğunu necə qarşılayırsız? Niyə sonra belə bir komanda olmadı?
- Mənim üçün “Xəzər Lənkəran” 1 nömrədir. Hərtərəfli, həm azarkeşlər doğmadır, ora gedəndə özümü çox rahat hiss edirdim. Lənkəran futbol şəhəridir, orda bu idman növünü sevən insanlar çoxdur. Hətta biz Qusarla da oynayanda, stadion dolurdu. “Xəzər Lənkəran” mənim ən sevimli klubum olub, həmişə də olacaq.  Mən inanıram ki, “Xəzər-Lənkəran” nə vaxtsa bərpa olunacaq. İndi də ora bərpa olunsa, nə köməklik lazıdırsa, öz tərəfimdən əlimdən gələni edəcəm. 

- Elə bir komanda yaranacaq? Siz orada məşqçi kimi çalışarsınız?
- İnanıram ki, bu yaxınlarda, qarşıdakı bir ildə yeni “Xəzər Lənkəran” komandası yaranacaq. Çünki, orda sponsorlar çoxdur və eşitdiyimə görə maraqlanırlar. İstəyirlər ki, Premyer Liqaya çıxmazdan əvvəl birinci divizionda oynayıb, sonra güclülər sırasında mübarizə aparsınlar. Zamanla futbolçular da yığılar və elə bir güclü komanda olar. Mən də ya məşqçi kimi, yaxud nəyə kömək lazım olsa onu etməyə hazıram. 

- Cari çempionatı yəqin izləyirsiniz. Sizin dövrünüzdəki ilə indiki arasında nə fərqlər var?
- İndi kollektiv oynayırlar, o vaxt fərdi oyunçular çox idi. Yəni, bugünkü gündə topla rəftar edə bilən yerli oyunçular çox azdır. 10 il əvvəlki ilə müqayisədə indi elə bir futbolçu görmürəm.

- Azərbaycan futbolunda nədən narasınız? 
- Klubların az olmağından. Hazırda imkan var. Elə götürək “Xəzər Lənkəran”ı, stadion, baza var. “Karvan” da ola bilər. Bizdə ən azı 16 klub olmalıdır. 

- Bəs inkişaf üçün başqa nəyə ehtiyac var?
- Bu gün liqalar çoxdur, bu da müsbət haldır. İnanıram ki, yaxın gələcəkdə çox istedadlı uşaqlar üzə çıxacaq. Bu, çoxdan olmalı idi. Bizdə gətirib qoyurlar xarici məşqçini, özümüzünkü qalır kənarda. Belə baxanda, xarici məşqçilər də işləyə-işləyə adlı-sanlı olur, bizimkilər də. Məsələn, Qurban Qurbanov işləyərək, hansısa xaricidən geri qalmır. Yəni, işlətsək, bizimkilər də, özlərini göstərə bilər. Yoxsa, bir-iki oyun sonra məşqçi dəyişdirirlər, bizimkilərə inanmırlar. Klublarda bizim yerli məşqçilər olmalıdır. Düşünürəm, çoxu daha yüksək yerlərə layiq dur. Məsələn, Tərlan Əhmədov, Yunis Hüseynov, Mahmud Qurbanovun bacarıqlarından yararlanmaq lazımdır. Əhmədov istedadlı məşqçidir, hara gedib klubları yuxarı qaldırıb, amma hazırda qalib kənarda.

- Bəs niyə Azərbaycan futbolunda Zaur Ramazanov kimi yerli oyunçuları legionerlərdən az görürük?
 -Çünki klublar azdır. Biz neçə illər 8 klubla davam etdik. Bəlkə də mənim kimi oyunçular var, itib-batır. Bir ara limit oldu, 16-17 yaşa çatanda klub çatmırdı. Yəni klubun azlığına görə çox şeyi itiririk.
 

writer photo
Əlirza Əlirzalı
0