“Qarabağ” qış fasiləsində bir futbolçusunu yola salmağı planlaşdırır.
Apasport.az saytının əldə etdiyi məlumata görə, söhbət müdafiəçi Rahil Məmmədovdan gedir.
Azərbaycan çempionu 27 yaşlı mərkəz müdafiəçisini yenidən icarəyə verməyi nəzərdən keçirir. Məmmədovun xidmətində maraqlı olan klub isə “Səbail”dir. Bakılıların baş məşqçisi Mahmud Qurbanov onun təcrübəsi sayəsində müdafiə xəttini gücləndirəcəyini düşünür. Bu üzdən “Səbail” qış fasiləsində Rahili icarəyə götürməyə çalışacaq.
“Qarabağ”da nadir hallarda meydança üzü görən Azərbaycan millisinin keçmiş oyunçusu özü də müntəzəm oynaya biləcəyi komandaya keçməyin tərəfdarıdır. “Neftçi”nin yetirməsi olan Rahil bu ilin ilk 6 ayını icarə əsasında “Zirə”də keçirib. O, 2018-ci ilin yanvarında “Neftçi”ni “Səbail”ə dəyişsə də, həmin mövsümün sonunda “Qarabağ”a yollanıb.
Qeyd edək ki, “Qarabağ”la müqaviləsi gələn ilin yayına qədər olan Rahil Məmmədov bu mövsüm Premyer Liqada cəmi 4 matçda iştirak edib.