“Qarabağ”ı “Mançester Yunayted”, Ovusunu Ronaldo izləyir - GÖSTƏRİCİLƏR
16.10.2022 - 11:15
“Qarabağ”ı “Mançester Yunayted”, Ovusunu Ronaldo izləyir - GÖSTƏRİCİLƏR

Avropa Liqasında qrup mərhələsinin IV tur oyunlarından sonra UEFA turnirin bu ana qədər olan statistik göstəricilərini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, G qrupunda mübarizə aparan “Qarabağ” bəzi göstəricilərdə öncüllərdəndir.

Turnir çərçivəsində ümumilikdə 54 dəfə zərbə mövqeyinə çıxan ağdamlılar çərçivəyə dəqiq zərbə sayına görə 5-cidir. Azərbaycan çempionunun 24 cəhdi ünvana çatıb. Bu statistikaya başçılıq edən “Qarabağ”ın qrupdakı rəqibi “Frayburq” təmsilçimizi cəmi 3 zərbə qabaqlayır. “Mançester Yunayted” (26 zərbə) ikincidirsə, Türkiyə klubları “Trabzonspor”la “Fənərbaxça” hərəyə 25 həmlə ilə 3-4-cü yerləri bölüşdürürlər.

Geridə qalan görüşlərdə orta hesabla topa sahib olmada Qurban Qurbanovun yetirmələri 7-ci pillədə qərarlaşıb. Ağdam klubunda göstərici 56,3 faizdir. Lider isə matçlarda orta hesabla 63,8 faiz topa sahib olan “Mançester Yunayted”dir.

Əvəzində “Qarabağ” ən az cərimə zərbəsi yerinə yetirən komandadır. Azərbaycan çempionu 40 dəfə standart vəziyyətdən qol axtarışında olub ki, bu göstəriciyə görə cəmi 6 komandanı qabaqlayır. Qrupdakı rəqiblərimiz “Nant” (37) və “Frayburq” (36) da sonunculardandır. Siyahıya 75 cərimə zərbəsi isə Kipr təmsilçisi AEK başçılıq edir.

Təmsilçimiz Avropa Liqasında ən çox oyundankənar vəziyyətə düşən komandalardandır. Qrupdakı dörd oyunda ümumilikdə 12 dəfə hücumçularımız ofsaydda “yaxalanıb”. Bu baxımdan “Qarabağ” yalnız “Union” (17), “Monako” (13) və “Braqa”dan (13) geri qalır.

“Qarabağ”ın hücumçusu Kvabena Ovusu qeyri-dəqiq zərbələr sayında ikinci pilləni bölüşür. Qanalı forvard 7 cəhdində çərçivəni düzgün nişan ala bilməyib. Daha 4 oyunçu bu göstəriciyə imza atıb ki, onlar arasında “Mançester Yunayted”in hücumçusu Markus Reşford da var. “Braqa”nın forvardı Vitor Oliveyra 9 qeyri-dəqiq zərbə ilə liderdir.

Ovusu ofsayda düşmə göstəricisində isə şəriksiz liderdir. 25 yaşlı oyunçu 6 dəfə oyundankənar vəziyyətə düşüb ki, buna görə əlçatmazdır. 4 dəfə ofsaydda yaxalanan “Mançester Yunayted”in superulduzu Kriştiano Ronaldo isə 5-ci pillədədir.

“Qarabağ”ın mərkəz müdafiəçilərindən Bəhlul Mustafazadə matçlarda 30, Bədavi Hüseynov isə 29 dəfə rəqib hücumlarının qarşısını kəsib. Buna görə, Bəhlul 8-ci, Bədavi də 12-ci sıranı bölüşür. “Union”un müdafiəçisi Kristian Burqes 39 dəfə topu komandasına qazandırmaqla siyahının zirvəsində yer alır.

Qapıçı Şahruddin Məhəmmədəliyev qarşılaşmalarda ümumilikdə 14 seyvlə diqqət çəkib. Millimizin qolkiperi bu baxımdan 7-ci pilləni bölüşdürür. Komandasını qoldan ən çox xilas edən qapıçılar isə Konor Azar və Kenan Piriçdir. Müvafiq olaraq HİK və AEK-in (Larnaka) çərçivəsini qoruyan qolkiperlər 20 dəfə seyv etməli olub.

Müdafiəçi Marko Veşoviç isə qayda pozuntularına görə irəlidədir. Monteneqrolu cinah oyunçusu rəqib hücumlarını 9 dəfə kobudluqla kəsib ki, bu rəqəm onu ən çox cərimə edən 5-ci oyunçuya çevirir. Turnirin indiyə qədərki ən kobud oyunçuları 4 nəfərdir ki, onların da passivində 10 cərimə var.

Qeyd edək ki, “Qarabağ” sona iki tur qalmış 7 xalla qrupda ikinci pillədə qərarlaşıb. Ağdam təmsilçisi növbəti oyununu oktyabrın 27-də Fransada “Nant”a qarşı keçirəcək.

writer photo
Əlirza Əlirzalı
0