UEFA Avropa Liqasında 2023/2024 mövsümünün yekun göstəricilərinə əsasən, "Qarabağ"ın 3 futbolçusu yuxarı pillələrdə qərarlaşıb.
Apasport.az xəbər verir ki, Ağdam təmsilçisinin legioneri Olavio Juninyo 5 qolla bombardirlər siyahısında 5-14-cü yerləri bölüşdürür. Braziliyalı forvard "çərçivə"yə 11 dəqiq zərbələ ilə 5-7-ci sıralarda yer alıb.
"Köhlən atlar"ın yarımmüdafiəçisi Julio Romao isə ikili mübarizələrdən ən çox qalib ayrılan ikinci oyunçudur. Braziliyalı legioner yarış ərzində 28 dəfə bunu bacarıb.
Rusiyalı qolkiper Andrey Lunyov isə turnirdə qurtarış sayında (44) ikincidir.
Qeyd edək ki, İtaliyanın "Atalanta" klubu finalda Almaniya təmsilçisi "Bayer"i məğlub edərək (3:0) UEFA Avropa Liqasının qalibi olub.