Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununa çıxacaq. Qurban Qurbanovun yetirmələri Konfrans Liqasının pley-offunda “Gent”i qəbul edəcək.
Apasport.az saytı Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma ərəfəsində qol ehtimallarını araşdırıb. Söhbət “total” və Q/Q variantlarından gedir.
Ağdam klubunun cari mövsümdə avrokubokda keçirdiyi görüşlərdəki nəticələri “Qarabağ”ın oyunlarındakı məhsuldarlıqdan xəbər verir. 2022-ci ilin yayında Çempionlar Liqasına başlayan və burada təsnifat mərhələlərinin 8 matçını keçirən Qurbanovun komandası əsas raunda Avropa Liqasında start verib. Bu turnirin qrupunda 6 dəfə meydana çıxan ağdamlılar mövsümdəki 15-ci qarşılaşma ilə 3-cü turnirə qoşulacaq.
Əvvəlki 14 oyunda “total”a, yəni qol sayına nəzər salaq:
Üst – 9 dəfə (64 faiz)
Alt – 5 dəfə (36 faiz)
Hər iki komandanın qol vurduğu və ya ən azı bir tərəfin qapısını toxunulmaz saxladığı matçlarda da eyni rəqəmlər müşahidə olunur:
Q/Q – 9 dəfə (64 faiz)
Y/Q – 5 dəfə (36 faiz)
Həm Üst, həm də Q/Q ehtimalının yüksək olmasını düşünmək mümkündür. Amma “Qarabağ” hər iki göstəricidəki 64 faizlik nəticəyə əsasən səfərdə nail olub.
Belçika klubu ilə evdə qarşılaşacaq “Köhlən atlar” doğma meydanda bir az fərqli təsir bağışlayır. Əvvəlki 7 matçın totalı belə deməyə əsas verir:
Üst – 3 dəfə (43 faiz)
Alt – 4 dəfə (57 faiz)
Üstəlik, Üst ilə bitən oyunlardan ikisi zəif rəqiblərin olduğu ilk iki təsnifat mərhələsinə təsadüf edib. Yəni son 5 ev görüşündə yalnız bir Üst yaşanıb.
Elə hər iki komandanın qol vurmasında da oxşar mənzərə yaşanır. İlk üç təsnifat mərhələsində Q/Q oynayan “Qarabağ”ın son 4 ev sınağında belə hadisəyə cəmi 1 dəfə rast gəlinib.
Q/Q – 4 dəfə (57 faiz)
Y/Q – 3 dəfə (43 faiz)
Qeyd edək ki, “Qarabağ” – “Gent” matçı saat 21:45-də başlayacaq.