Qazaxıstanın baş məşqçisi: "Azərbaycanı güclü rəqib kimi tanıyırıq"
24.09.2022 - 16:45
Qazaxıstanın baş məşqçisi: "Azərbaycanı güclü rəqib kimi tanıyırıq"

“Azərbaycan yığmasının səfərdə Slovakiya üzərində qələbəsi sürpriz olmadı”.

Apasport.az saytının məlumatına görə, bunu Qazaxıstan millisinin baş məşqçisi Maqomed Adiyev deyib.

Mütəxəssis Millətlər Liqasının Azərbaycanla sabah keçiriləcək oyunu öncəsi təşkil olunan mətbuat konfransına qatılıb. Adiyev “Dalğa Arena”dakı görüş barədə danışıb: “Bu komandanı güclü rəqib kimi tanıyırıq. Bilirik ki, ölkənizdə "Qarabağ" kimi güclü klub var. İstərdik ki, bizə də hörmət etsinlər”.

Mütəxəssis qələbəyə iddialı olduqlarını da gizlətməyib: “Yenidən buraya gəldiyimiz üçün xoşbəxtik. Düzdür, qrup qalibi olmuşuq. Amma bu oyuna da ciddi hazırlaşmışıq. Rəqibin potensialına bələdik. Oyunun axarını öz tərəfimizə döndərməyə çalışacağıq”.

Adiyev özləri üçün formal xarakter daşıyan matçda gənclərə də şans verəcəyini qeyd edib: "İqor Şatski 100 faiz meydanda olacaq. Bugünkü məşqdən sonra kimlərin start heyətində olacağını dəqiqləşdirəcəyik". 

Baş məşqçi istənilən komandanın oyununda enişin də, yüksəlişin də olmasını təbii sayır: "Bu, bizə də aiddir. Sadəcə, biz aşağıdan yuxarıya doğru qalxdıq". 

O, millimizin revanş arzusuna müsbət baxdığını vurğulayıb: "Hər komanda belə düşünməlidir. Biz də meydana çıxanda bunu etmək istəyirik. Hər şey sabah meydanda bəlli olacaq".

Qazaxıstanın baş məşqçisi sentyabrın 22-də keçirilən Slovakiya – Azərbaycan oyununu izlədiyini də gizlətməyib: "Trnavadakı oyunu Azərbaycanın aktivinə yazmaq olar. Komandanız çox yaxşı təsir bağışladı. Əvvəlki qarşılaşmalarla müqayisədə oyun sxemində fərqlilik var. Azərbaycan yığması son görüşdə komanda şəklində oynadı. Məhz bunun sayəsində qələbə qazandı. Bizimlə ilk matçda isə müəyyən çatışmazlıqlar var idi".

Mütəxəssis millimizin baş məşqçisi Canni De Byazi haqqında dediklərinə də aydınlıq gətirib: "Onun çox danışmaq əvəzinə işləməli olduğunu deməmişəm. Bu, hörmətsizlik olardı. Əksinə, De Byazi görüşdən öncə və sonra mən və futbolçularıma hörmətsizlik edib. Mən də bunun qarşılığında bu cür ifadə işlətmişəm".

Qeyd edək ki, C liqasının 3-cü qrupunun Azərbaycan – Qazaxıstan matçı saat 20:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0