Yeni mövsümə hazırlaşan “Qəbələ” daha iki futbolçusu ilə müqavilə müddətini yeniləyib.
Apasport.az klubun saytına istinadən xəbər verir ki, Rafael Utziq və Omar Hani ilə anlaşmalar uzadılıb.
Legionerlərlə imzalanan yeni müqavilələr daha bir il müddətinə nəzərdə tutulub. Əvvəlki anlaşmaları 2021-2022-ci illər mövsümünün sonunda başa çatan oyunçular 2022-2023-cü illər mövsümündə də “qırmızı-qaralar”ın formasını geyinəcək.
2020-ci ilin yayından “Qəbələ”də çıxış edən Rafael 58 oyun keçirib. 26 yaşlı braziliyalı hücumçu 11 qola imza atıb.
Omar isə ötən ilin yayından bölgə təmsilçisinin formasını geyinir. 23 yaşlı iordaniyalı yarımmüdafiəçi 25 matçda 2 qol vurub.
Qeyd edək ki, “Qəbələ” daha öncə Ruan Renato, İsnik Alimi, Kristof Atanqana, Yaovi Akakpo, Asif Məmmədov, Murad Musayev və Urfan Abbasovla ilə anlaşmanı bir il müddətinə uzadıb.