“Qəbələ”nin braziliyalısı: “Mövsümə yüksək hərarətlə başladıq”
13.07.2022 - 10:02
“Qəbələ”nin braziliyalısı: “Mövsümə yüksək hərarətlə başladıq”

“Konfrans Liqasındakı mübarizə üçün son hazırlıqlarımızı görürük. Həmçinin Premyer Liqanı da unutmuruq”.

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin yarımmüdafiəçisi Rafael Utziq yay təlim-məşq toplanışını dəyərləndirərkən deyib.

26 yaşlı braziliyalı hücumameyilli oyunçu Azərbaycanda havaların isti keçməsindən narahatlığını dilə gətirib: “Mövsümə çox yüksək hərarətlə başladıq. Braziliyanın daha soyuq bölgəsindən gələn insanlar bir az əziyyət çəkirlər. Klub ilin bu vaxtlarında təlim-məşq toplanışı üçün daha yaxşı iqlimə malik olan Türkiyənin Bolu şəhərini seçdi, bizi bura gətirməyi qərara aldı”.

Utziq çox istirahət etmək imkanları olmadığını, əsas diqqəti fiziki hazırlığa yönəltdiklərini vurğulayıb: “Mövsümə çox yaxşı hazırlaşırıq. Tətil qısa idi, buna görə də evdə qalaraq formadan düşmək baxımından ciddi problem yaşamadıq. Məşqə köklənməkdə çox çətinlik çəkmirəm. İlk günlər fiziki hazırlığa daha çox önəm verilir. Fiziki cəhətdən mümkün qədər tez hazır olmalıyıq. Bir aydan az müddətdə hazırlıq keçdikdən sonra Macarıstanda mövsümün ilk oyununa çıxacağıq”. 

Qeyd edək ki, “Qəbələ” Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstan təmsilçisi “Fehervar”la qarşılaşacaq. İlk oyun iyulun 21-də səfərdə, cavab görüşü isə ayın 28-də evdə keçiriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0