“Qəbələ”nin braziliyalı futbolçusu Lukas Afriko apasport.az saytına müsahibə verib.
- Premyer Liqanın 23-cü turdan təxirə salınmış matçda “Qarabağ”a 0:4 hesabı ilə məğlub oldunuz. Səncə, nəyə görə belə hesab qeydə alındı?
- Məncə, “Qarabağ”a qarşı ən yaxşı oyunumuzu keçirdik. Təkcə nəticə oyunun necə keçdiyindən xəbər vermir. Birinci hissədə çox yaxşı çıxış etdik. İkinci hissədə isə komandamızın səhvləri oldu. Üstəlik, fasilədən sonra biz meydanda azlıqda qaldıq. Bu da oyunumuza təsir edən məqamlardan biri idi. Elə bunlar hamısı birlikdə sonda böyük nəticəyə gətirib çıxardı.
- Deyəsən, Feras Abu Akel qırmızı vərəqə aldıqdan sonra "Qəbələ" ümumiyyətlə, "Qarabağ"a qarşı mübarizə apara bilmədi...
- Bəli, hər bir komanda 10 oyunçu ilə oynayırsa, onun üçün futbol çətinləşir. Bu, bizim də oyunumuza təsir etdi. Amma sona qədər əlimizdən gələni etməyə çalışdıq.
- "Qarabağ"a qarşı oynamaq çox çətindir... Səncə, onlar niyə qarşısıalınmazdır?
- “Qarabağ”a qarşı oynamaq həmişə daha böyük çətinlikdir, onların çox sayda yaxşı oyunçuları var. İnanmıram ki, bir komandanı “Qarabağ” qədər uğurlu edən cəmi bir amil var. Bunu deyə bilmərik. Çünki bir sıra daxili və xarici amillər var. Üstəlik, oynadıqları avrokubok oyunları da “Qarabağ”ı güclü edən faktorlardandır. Futbol təkcə dörd xətt, bir top və heyətdəki 25 oyunçudan ibarət deyil. Uğurun arxasında çox şey dayanır.
- Yeri gəlmişkən, “Qarabağ”ın qarşıda Avropa oyunu var. Səncə, "Bayer"i də keçə bilərlər?
- Əlbəttə edə bilərlər. Futbolda, elə həyatın özündə də inananlar üçün hər şey mümkündür. Hamı bilir ki, “Bayer” Avropada hələ məğlub olmayan yeganə komandadır. Amma futbol meydanda oynanılır və və hər oyun digərindən fərqlidir.
- "Qəbələ"də baş məşqçi dəyişikliyi oldu. Komandaya Kaxaber Sxadadze dəvət edildi. Səncə nəyə görə Elmar Baxşıyevdə alınmadı? Komanda sonuncu pillədədir. Niyə vəziyyət belədir?
- Bəli, dəyişiklik oldu. Hər şeyə görə Elmar Baxşıyevə çox minnətdaram. Futbol nəticə məsələsidir. Təəssüf ki, bizim üçün müsbət nəticələr alınmadı və klub bizdən asılı olmayan bu qərarı verdi.
- Artıq "Kəpəz"lə xal fərqiniz 8-ə çatıb. Premyer Liqada qalmaq mümkün olacaq?
- Biz “Kəpəz”lə aramızdakı xal fərqinin az olmadığını bilirik. Amma qarşıda 36 xal var. Premyer Liqada qalacağımıza inanırıq. Özümüzə çox güvənirik.
- Növbəti matçınız "Səbail"ə qarşıdır. Onları evdə məğlub edə biləcəksiz?
- Biz Premyer Liqada qalmaq istəyirik. Hər oyuna qələbə üçün çıxacağıq. Rəqibin kimliyinin fərqi yoxdur. İnanıram ki, qalib gələ biləcəyik.