"Qəbələ"nin müdafiəçisi: "Juninyoya qarşı müdafiə olunmaq çətindir" - Müsahibə
19.01.2024 - 21:32
"Qəbələ"nin müdafiəçisi: "Juninyoya qarşı müdafiə olunmaq çətindir" - Müsahibə

“Qəbələ”nin braziliyalı müdafiəçisi Lukas Afriko apasport.az saytına müsahibə verib.

- "Qəbələ"nin qış hazırlığı necə getdi? Hər şey ürəyiniz istədiyiniz kimi oldu, yoxsa narazı, narahat qaldığınız məqamlar var idi?
- Məşq çox yaxşı keçdi, hər şey gözlədiyim kimi keçdi. Qəbələdə yaxşı hazırlaşa bilirik. Çünki məşq etmək üçün yaxşı meydançalarımız var və bu bizə daha keyfiyyətli təlim-məşq keçməyə kömək edir.

- "Kəpəz"lə yoxlama görüşündə 1:2 uduzdunuz, "Araz-Naxçıvan"la matçda isə 2:0 qalib gəldiniz. Hansı matçda daha yaxşı oynadığınızı düşünürsən?
- Çempionatın ikinci yarısına hazırlaşmaq üçün yaxşı oyunlar oldu. "Araz-Naxçıvan"a qarşı tam oyunu oynadım. Ona görə də meydanda daha çox hərəkət etməyə vaxtım oldu. Ümumilikdə isə, hər ikisi hazırlıq üçün yaxşı görüşlər idi.

- "Qəbələ"nin Premyer Liqanın ikinci hissəsinə tam hazır olduğunu düşünürsən? Hansı detallar üzərində işlədiniz?
- Mövsümün ikinci yarısında daha yaxşı çıxış etməyə hazırıq. Meydanda və meydandan kənarda işləməkdən əlavə, daha bir mental məqam var ki, bu da mənim fikrimcə oyunun 90%-ni təşkil edir. Çempionatın ikinci yarısının başlamasını gözləyirik.

- "Qəbələ" Premyer Liqanın birinci hissəsini uğurlu keçirmədi, komanda turnir cədvəlində sonuncu pillədədir. Səncə, nəyə görə belə alındı? Halbuki, "Qəbələ" ötən mövsüm Azərbaycan kubokunu qazanmağı bacarmışdı...
-  Ötən mövsüm “Qəbələ” kuboku qazanmışdı. Bu il də qazanmaq şansımız var, niyə olmasın? Çempionatın ilk hissəsi o qədər də uğurlu alınmadı, amma bunun spesifik səbəbi yoxdur. Futbol mürəkkəbdir və bu, təkcə meydana çıxmaqdan ibarət deyil, oyun siz meydana çıxmamışdan xeyli əvvəl başlayır.

- Premyer Liqanın ikinci hissəsində necə olacaq? "Qəbələ" sonuncu pillədən qurtula biləcək? Bunun üçün öncə "Kəpəz"i qabaqlamalısınız. Ancaq onlara da uduzdunuz...
- Bayaq dedim və bir daha təkrar edirəm ki, komandamızın səriştəsinə və potensialına inanıram. Əminəm ki, biz turnir cədvəlində yüksələcəyik. Söhbət son iki rəsmi oyunda etdiklərimizi etməkdən və işləməkdən gedir. Ki, vəziyyətimizi daha da yaxşılaşdıraq.

- "Qəbələ" fasilədən sonra ilk oyununu "Sumqayıt"a qarşı keçirəcək. Bu oyun haqda nə düşünürsən? Səncə, 2024-cü ildə ilk rəsmi matçınıza qələbə ilə başlaya bilərsiz? "Sumqayıt"ı fasilə dövründə izlədin?
- İlin ilk oyununa qələbə ilə başlaya biləcəyimizə inanıram, buna tam hazırıq. Qarşılaşacağımız komandalarla bağlı hər zaman fərdi təhlillər aparmağı xoşlayıram. Hər halda, meydana uğurlu nəticə üçün çıxacağıq. Komandama çox inanıram.

- Artıq altı aydır ki, Azərbaycan Premyer Liqasında oynayırsan. Premyer Liqa haqda fikrin necədir? Sənin üçün maraqlı gəlir? Azərbaycan çempionatında sənə qəribə gələn, diqqətini çəkən nədir?
- Azərbaycan çempionat yaxşı səviyyədədir. Liqada yaxşı komandalar və yaxşı oyunçular var. Özü də, çempionat inkişaf edir. Mən 5 il Portuqaliyada olmuşam. Orada taktiki cəhətdən komandalar çox sərtdirlər və xırda detallara diqqət yetirirlər. Ona görə də bu amildə Portuqaliya və Azərbaycan çempionatında bir az fərq hiss etdim. 

- Azərbaycanda braziliyalı futbolçular çoxdur. Kimlərlə münasibətin daha yaxşıdır? Bakıda kimlərlə görüşürsən? Bir-birinizə dəstək olursuz?
- Bəli, burada bütün braziliyalılarla görüşmək imkanım oldu. Amma “Qarabağ”dan Juninyo və Riçard Almeyda ilə daha yaxın münasibətim var. Juninyo ilə Portuqaliyada eyni komandada oynamışam, oradan bir-birimizi tanıyırıq. “Neftçi”dən Yuri Matiasla da yaxın münasibətim var. 

- Azərbaycan Premyer Liqasında hansı futbolçuya qarşı müdafiə olunmaq çətindir?
- Bayaq dediyim kimi, Premyer Liqada yaxşı oyunçular çoxdur. Amma sırf sizin suala gəlincə, burada həmyerlimin adını çəkəcəm. "Qarabağ"ın forvardı Juninyoya qarşı müdafiə olunmaq çətindir, çünki yaxşı oyunçudur.

writer photo
Əlirza Əlirzalı
0