“Qəbələ”nin sabiq futbolçusu: “Kuboku qazanan komandanı saxlasaydılar...” - Müsahibə
13.11.2023 - 15:39
“Qəbələ”nin sabiq futbolçusu: “Kuboku qazanan komandanı saxlasaydılar...” - Müsahibə

Ötən mövsüm “Qəbələ”nin heyətində ölkə kubokunu qazandıqdan sonra yayda “Hapoel Hayfa”ya keçən Felipe Santosun apasport.az saytına müsahibəsi 

- Hazırda İsraildəki vəziyyət necədir? Yenə də, təhlükə var? 
- Vəziyyət hələ də ağırdır. Amma yaxşılaşmağa doğru gedə bilər. Buna çox inanırıq. Hər halda, hamı təhlükənin nə qədər böyük olduğundan xəbərdar olmalıdır.

- Yəqin ki, hər iki tərəfdən insanların ölümünə üzülürsən?
- Əlbəttə. Təəssüf ki, hər gün iki tərəfdən də günahsız insanlar ölür. Hər iki tərəfdə sülhün bərqərar olması lazımdır. Ümidvaram ki, belə də olacaq. 

- Ölkə çempionatının matçları keçirilir, yoxsa pauza verilib? Pauza verildiyi vaxtda nə edirsiz? Özün hansısa təhlükə ilə üz-üzə qalmısan?
- Çempionat dayandırılıb. Start noyabrın 27-si üçün planlaşdırılıb. Bu müddət ərzində mən ailəmi təhlükəsiz saxlamaq üçün Braziliyaya gəlmişəm. Lakin bu həftə İsrailə qayıdacam. Ümid edirəm ki, təhlükəyə düşmərəm.

- Baş verən müharibəni çıxsaq, "Hapoel Hayfa"dakı karyeranı necə dəyərləndirirsən? İsrailə yollanmaq qərarı verdiyinə görə peşman deyilsən ki?
- Xeyr, “Hapoel Hayfa”ya keçdiyim üçün qəti peşman deyiləm. Müharibə başlamamışdan əvvəl komandam çempionatda çox yaxşı durumda idi, turnir cədvəlində ikinci pillədəydik. Mən də çempionatın ən diqqətçəkən futbolçularından biri idim. Ümid edirəm ki, müharibə başa çatdıqdan sonra bu performansımı davam etdirəcəm.

- Maraqlıdır, yayda sənə Azərbaycanın iddialı klublarından təklif gəlmişdi? Məsələn, "Neftçi", "Zirə" və "Sabah" kimi klublardan...
- “Qəbələ” ilə müqaviləm başa çatdıqdan sonra Azərbaycandan heç bir klub məni axtarmadı. Yəqin ki, Azərbaycanda oynadığım müddətdə göstərdiyim oyun onların xoşuna gəlməyib. Baxmayaraq ki, mən “Qəbələ”nin əsas heyətində oynayırdım, ölkə kubokunu qazanmışdım. Nə qədər qol vurdum, xeyli qolun vurulmasında iştirak etdim. Nə deyim? Təklif gəlmədi. Sonra təklif “Hapoel”dən gəldi, qərarımı verdim.

- Azərbaycan Premyer Liqası İsrail çempionatından çox geri qalır? Yoxsa, səncə, iki liqa arasında fərq yoxdur? 
- Azərbaycanda böyük klublar olsa da, məncə İsrail çempionatı Azərbaycan Premyer Liqasından çox irəlidədir. Lakin Azərbaycan çempionatının da öz dəyəri var. Orada ildən-ilə inkişaf gedir və liqa daha da böyüyəcək. 

- Yenidən Azərbaycana qayıtmaq variantına necə baxırsan? Yaxşı, sərfəli təklif gələrsə, buna necə reaksiya verəcəksən? 
-  Gələcəkdə nəyin necə olacağını bilmirik. Hər şey mümkündür. Azərbaycanda olarkən üzərimə düşəni edirdim, özümü də orada xoşbəxt hiss edirdim. Azərbaycana qayıtmaq ehtimalı olsa, geri dönməyə hazır olacam.

- "Qəbələ"nin durumu ürəkaçan deyil. Hazırda klubla bağlı fikrin necədir? 
- “Qəbələ”nin vəziyyəti ağırdır. Təəssüf ki, klub müdrik davranmadı. Kuboku qazanan komandanı saxlasaydılar, bu mövsüm heç şübhəsiz ki, “Qəbələ” birinci yerdə olacaqdı. Amma oyunçulara qiymət vermədilər. Allah qoysa, “Qəbələ” uğurlu çıxışa keçər və birinci diviziona düşməz. Çünki onların bu klubu sevən azarkeş kütləsi var.

writer photo
Əlirza Əlirzalı
0