“Neftçi”nin sabiq futbolçusu Slavko Georgiyevskinin apasport.az saytına müsahibəsi
- “Neftçi”nin hazırkı durumunu necə şərh edərdin?
- Çempion olmaq istəyirsənsə, elə çempionu məğlub etməlisən. Əgər bunu bacarmırsansa, çətin məsələdir. “Neftçi”nin “Qarabağ”a qarşı keçirdiyi görüşü izlədim. Məğlub oldular, amma çox gərgin və maraqlı oyun getdi. Təəssüf ki, hazırda “Neftçi” üçüncü pillədə qərarlaşıb.
- “Neftçi” “Qarabağ”la iki mövsümdür ki, bacarmır, uduzurlar…
- “Qarabağ”dakılar bir-birini dərhal başa düşür, çox yaxşı anlaşma var. Qurban Qurbanov uzun müddətdir ki, öz oyun fəlsəfəsini tətbiq edə bilib. Özü də “Qarabağ”da keyfiyyət var. Bunlar hamısı onlara istədikləri nəticəni qazanmağa kömək edir.
- “Neftçi” əvvəl “Qarabağ”la rəqabətdə uduzurdusa, indi “Sabah”la da bacarmırlar. Bu barədə fikrin necədir?
- “Neftçi”nin hazırda Azərbaycan çempionatında üçüncü pillədə olması ürəyimi ağrıdır. İnanın ki, çox pis oluram. “Neftçi” flaqmandır, “Neftçi” hadisədir, tarixdir, bu klub hər zaman birinci olmalıdır.
- Laurentsiu Regekampfa daha bir şans vermək lazımdır? Kuboku qazanmasa, yəqin ki, onu postunda saxlamaq nə dərəcədə düzgün olacaq?
- Regekampfı dəyərləndirmək istəmirəm. Bircə onu bilirəm ki, “Nefçti” ölkə kubokunu qazanmalıdır. Əks halda…
- Səncə, bunu bacaracaq?
- Emin Mahmudov, sənə səslənirəm ki, sən kapitansan və kapitan kimi bütün oyunçulara deməlisən ki, “Qarabağ”ı udmalıyıq, kuboku qazanmalıyıq. Əgər bunu etsələr, azarkeşlər qarşısında da, üzrxahlıq kimi olar. Emin səndən mənim sözlərimə cavab gözləyirəm. “Neftçi” daim irəli getməlidir, irəlidə olmalıdır. Bu klub Azərbaycan futbolunun tarixidir.
- Yeni mövsüm çempionluq mübarizəsində yer alması üçün “Neftçi”də hansı dəyişikliklər olmalıdır?
- Yaxşı seleksiya olmalıdır ki, komanda hər il maksimum üç yeni oyunçu gəlməklə artırsın. “Neftçi” və azarkeşlər haqda düşünmək lazımdır. “Neftçi” “Lester” deyil ki, 25 ildə bir dəfə çempion olsun. “Neftçi”, “Real” (Madrid), “Barselona”, “Yuventus” kimi klublar hər il çempion olmalıdır.