Qurban Berdıyev: "İlk hissədəki oyunu ikinci yarıda da oynasaydıq..."
11.08.2024 - 21:33
Qurban Berdıyev: "İlk hissədəki oyunu ikinci yarıda da oynasaydıq..."

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 2-ci turunda doğma meydanda "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, qərb təmsilçisinin baş məşqçisi Qurban Berdıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İki fərqli hissə izlədik. Birinci hissədə kifayət qədər aktiv oynadıq. İlk yarıdan razı qaldım. İkinci hissədə hesabı saxlamaq hissi oyunçulara daha çox təsir etdi. İstənilən halda "Sumqayıt" kifayət qədər keyfiyyətli futbolçulara malik komandadır. İkinci hissədə bunu sübüt etdilər. İki güclü rəqibə qarşı oynadıq. Bundan sonra daha yaxşı olmağa çalışacağıq.

- İkinci hissədə komandanızın müdafiəyə çəkilməyi taktiki gediş etdi, yoxsa rəqib buna məcbur etdi?

- Birinci hissədə daha ürəkli oynayırdıq. Görünür ki, futbolçular üstünlüyü əldən verməkdən qorxdular. Çalışmalıyıq ki, bu hissi aradan qaldıraq. Süni örtükdə oynamağımız da buna təsir edən amillərdən biri idi.

- Narazı qaldığınız məqam nədir?

- İlk hissədəki oyunu ikinci yarıda da oynasaydıq, daha çox zövq alardım. Bəzi məqamlarda ürəklə pressinq etmədik. İkinci yarıda rəqib çox güclü görünürdü. Onların əvəzetmələri özünü doğrultdu.

- Hazırkı heyət avrokuboklar üçün yetərlidir?

- Biz oyundan-oyuna hazırlaşırıq. Qarşıda daha vacib matçımız var. Mövsümün sonunda necə olacağını görəcəyik.

- Hücum xətti üçün qolçu oyunçuya ehtiyac var?

- Otto Cona inanıram. Çox hərəkət edir. Görünən odur ki, bir az vaxt lazımdır. Məşqlərdə də özünü yaxşı göstərir. İnanıram ki, onda yaxşı mənada dəyişiklik olacaq.

writer photo
Əlirza Əlirzalı
0