Qurban Qurbanov: "15 ildir adımız hallanır, gedişat dəyişmir"
24.11.2023 - 22:56
Qurban Qurbanov: "15 ildir adımız hallanır, gedişat dəyişmir"

Bu gün Misli Premyer Liqasının XIV turunun "Sabah" - "Qarabağ" oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı ilə təşkil olunub.

Apasport.az xəbər verir ki, Qurbanov əvvəlcə görüşlə bağlı fikirlərini bildirib. 

- Futbolçularımı təbrik edirəm. Nəticə bir yana, çox yaxşı oyun keçdi. Dinamik matç oldu. Səhvlərimiz çox oldu, xüsusilə də ilk hissədə. Bunu normal qəbul edirəm. Fasilədən sonra komandanın cəm şəklində hazırlığı fərqli olur. Bəzilərində yorğunluq var idi. Belə komandalara qarşı oyunlar xoşdur. Bəlkə də, "Sabah" bu gün məğlub olmağa layiq deyildi. Getdikcə daha yaxşı olacaqlar. Hər bir halda, üç xal qazandıq. Azarkeşlərə yaratdıqları atmosferə görə təşəkkür edirəm.

- Bugünkü oyun "Molde" ilə matç öncəsi nələri görməyə kömək oldu?

- Oyunun faydası olacaq. Amma "Molde" fərqli sistemdə oynayır. Bu oyundakı səhvlərdən nəticə götürülməlidir. "Molde" evində oynayır, böyük təzyiq göstərəcək. Mənə vacib olan futbolçuların formasını qaytarmasıdır. Bugünkü matç bu baxımdan faydalı olacaq.

- Patrik Andradenin oyununu necə dəyərləndirirsiz?

- Məncə, çox irəliləyiş var. Millidən gələnlər komandaya dünən qoşulublar, heç məşq də etməyiblər. Bu gün əsas heyətdə meydana buraxmaqla risk etmək istəmədim. Patrik son vaxtlar yaxşı proqram üzrə çalışır, məşqlərin ən yaxşılarındandır.

- Lunyova iradınız oldu. Ona nə dediz?

- Oyun epizodu idi. Fasilədə ona fikirlərimi bildirdim. 

- "Molde" səfərinə bir gün qalmış Norveçə gedəcəksiz. Bu, komandaya problem yaratmayacaq?

- 6 gün sonra oynayacağıq. Əvvəlcə iki gün öncə getməyi düşünürdük. Lakin ayın 27, 28-dəki məşqlərimiz çox vacibdir. 6 günlük vaxt olduğu üçün istədiyimiz məşqləri burada etməyi düşündük. Matç günü səhər məşqimiz olacaq. Həm də orada hava çox soyuqdur. Futbolçuları psixoloji olaraq da yormaq istəmədik. 

- Romaonun yoxluğu necə təsir edəcək? 

- Bu elə oyundur ki, burada istənilən dəyişikliklər təsirini göstərir. Olmaması təsir edə bilər. İnşallah, digər oyunçular sağlam olarlar. Romaonun yoxluğu ciddi itki sayıla bilər.

- "Molde"ni izləmisinizmi, ilk oyundan sonra hansı dəyişikliklər var?

- İllərdir, eyni sistemlə oynayırlar. Öz meydanlarında dinamik futbol oynayırlar. Həm də süni örtüklü meydana öyrəşiblər.

- Bu oyunun idarəçiliyini necə dəyərləndirərdiz?

- İki komanda tərəfdən narazılıq var idi. Bəzi epizodlarda səhvlər, diqqətsizlik oldu. Çox böyük irad bildirmədik. Ciddi narazılığımız yoxdur.

- Millinin yeni baş məşqçisinin tapılması üçün işçi qrupu yaradılacaq. Onlara hansısa tövsiyələriniz olacaq?

- Belə səlahiyyətim yoxdur. İşçi qrupunda özləri olacaq. Toplananların yerini dəyişəndə cəm dəyişmir. Dəqiq kimlərin olacağını bilmirəm. Yəqin, İcraiyyə Komitəsinin üzvləri və təcrübəli məşqçilər olar. Mənim tövsiyə verməyə səlahiyyətim yoxdur.

- Məşqçi sizcə, yerli olmalıdır, ya əcnəbi? Və sizin də adınız hallanmır. 

- Xahiş edirəm, belə sualları mənə verməyin. Onların işidir, qarışmaq istəmirəm. Bu haqda fikir bildirmək istəmirəm. 15 ildir adımız hallanır. Adı hallanan məşqçilər var. Lakin gedişat dəyişmir, hər dəfə eyni proqram üzrə gedilir.

writer photo
Əlirza Əlirzalı
0