Qurban Qurbanov: "Belə bir şey nə yaxşı olardı" - MÜSAHİBƏ
30.10.2022 - 17:15
Qurban Qurbanov: "Belə bir şey nə yaxşı olardı" - MÜSAHİBƏ

“Futbolçularımı təbrik edirəm. Çox əziyyət çəkdilər”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XII turunda “Şamaxı”nı səfərdə 4:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

50 yaşlı mütəxəssis qarşılaşmanın ardından mətbuat konfransında komandasının çıxışını dəyərləndirib: “Həm ümumi yorğunluq, həm süni örtük səbəbindən topla rahat davrana bilmirdik. Ümumən matçın gedişatında, xüsusən də, ikinci hissədə daha sərbəst oynamağa başladılar. Vacib qalibiyyət əldə etdik. Cavid Hüseynova və komandasına uğurlar arzulayıram”.

- Kevin Medinanı 15 dəqiqə oynatmaq öncədən planınızda var idi?
- Bəli, planımızda var idi. Hətta bir az çox oynatmağı düşünürdük. Sadəcə, Filip Ozobiçin tez əvəzlənməsi planımızı bir az pozdu.

- Matçın sonlarında 4 hücumçu ilə çıxış etməyiniz də planın bir hissəsi idi?
- Bəzi oyunçuların heç olmasa 20-25 dəqiqə meydançada olmalarını istəyirdim. Həm məşq xarakterli olsun, həm də yerdəyişmələri hiss eləsinlər. Ozobiçin durumunun necə olacağını bilmirik. Buna görə rotasiyalar elədik. Daha çox oyunun gedişatına uyğun əvəzləmələr etdik. Ancaq əvvəlcədən düşünülmüş 1-2 gediş var idi.

- Birinci hissəni o qədər də yaxşı keçirməməyiniz meydança amili ilə bağlı idi, yoxsa komandada yorğunluq var idi?
- Birinci hissədə topun necə getdiyini görürdünüz, onu ram edə bilmirdik, yerdən çox qalxırdı. Həm də komandada bir az yorğunluq var. Həm Avropa Liqasında, həm də çempionatda oynamaq, ritmdən-ritmə keçmək heç də asan deyil. Hava da sanki həddən artıq təmiz idi. Ola bilsin ki, bu, bəzi futbolçulara narahatlıq verdi. “Şamaxı”nın çox oyunlarına baxmışam. Əksər matçlarda məğlub olmalı deyildilər. Xüsusən də, burada bütün rəqiblər onlara qarşı çətinlik çəkib. Bəzən mühitə görə ola bilər ki, oyun belə görünürdü.

- Vaxtından əvvəl çempionluq planı barədə nə düşünürsünüz? 
- Belə bir şey olsaydı nə yaxşı olardı. Xeyr, çempionatın necə keçdiyini görürsünüz. Mövsümün hələ yarısını oynamamışıq, ¼-i tamamlanıb, yeni başlamışıq. Qarşıda çox matçlarımız olacaq. Düşünsək ki, tez həll edəcəyik, məğlub olarıq.

- Nəriman Axundzadə bu gün debüt etdi. Onun çıxışını necə qiymətləndirirsiniz?
- Razı qaldım. İlk oyunu idi, birinci hissədə oyuna tam qoşula bilmədi. Amma ikinci hissədə sərbəst idi. Nərimanı qarşıdakı matçlarda da meydanda görə biləcəyik.

writer photo
Əlirza Əlirzalı
0