Qurban Qurbanov: “Bəzi risklərə getməliyik”
15.02.2023 - 18:06
Qurban Qurbanov: “Bəzi risklərə getməliyik”

“Çox vacib oyuna çıxırıq. İkinci dəfədir pley-off mərhələsindəyik”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Konfrans Liqasının pley-off mərhələsinin sabah “Gent”lə keçiriləcək ilk oyununa həsr olunan mətbuat konfransına qatılan 51 yaşlı mütəxəssis görüş barədə fikirlərini açıqlayıb: “Çox istəyərdik ki, keçənilkindən daha yaxşı oynayıb, daha yaxşı nəticə qazanaq. Bunun üçün sabah meydanda hər detalın düzgün istifadə olunmasına çalışacağıq. Bütün futbolçular buna hazırdır. Qarşımızdakı rəqibin özünəməxsus oyun üslubu var. Çox sürətli futbolçuları var, çox sürətli oynayırlar. 90 dəqiqə meydanda yaxşı pressinq edirlər. Məncə, maraqlı oyun alınacaq. Çox istəyirik ki, azarkeşləri yaxşı oyun, yaxşı nəticə ilə sevindirək. Bəzi risklərə getməliyik. Komanda özü riskə gedir, biz də onun qarşılığında risklərə getməli oılacağıq. Hər bir zonada diqqətli olmalıyıq. Çalışacağıq ki, yaxşı mübarizə aparıb, yaxşı nəticə əldə edək. İlk oyundur. Bəlkə hansısa oyunun müəyyən hissəsində, müəyyən epizodlarda daha ehtiyatlı olmalıyıq. Çünki cavab matçı var. Hər halda, sabahkı oyunu düşünürük. Azarkeşlər qarşısında yaxşı mübarizə, yaxşı oyun göstərmək istəyirik”.

- Doğma meydan, tanış azarkeşlər. "Gent" uzaq məsafə qət edib. Sizi narahat edən nədir?
- Doğma Bakımızda oynayırıq. Azarkeş və öz meydanımız baxımından üstünlük tərəfimizdədir. Böyük problemimiz yoxdur. Sadəcə komanda tam mənim istədiyim hazırlıqda deyil. Amma inanmıram ki, bu hansısa problem yaratsın. Qarşıda daha yaxşı "Qarabağ" gözləyirəm. Oyundan-oyuna daha yaxşı performans gözləyirəm. Yanvardan bu yana istədiyimiz səviyyəyə gəlib çatmamışıq. Bu da böyük narahatlıq verməli deyil. Hər bir halda daha yaxşı olmağa çalışırıq və olacağıq.

- Yeni transferlər komandaya uyğunlaşıb? Sabah onlardan hansını meydanda görəcəyik?
- Uyğunlaşmaq çətin olmayacaq. Sadəcə hazırlıqları o səviyyədə deyil ki, 90 dəqiqə meydanda mübarizə apara bilsinlər. Kollektivə tam uyğunlaşıblar. Əvvəl sanki utancaqlıq var idi, bizim mentalitetə tam uyğunlaşmamışdılar. Amma get-gedə daha sərbəst hiss edirlər özlərini. Sadəcə əvvəlki performanslarını qaytarmalıdırlar ki, bizim də istədiyimiz kimi olsun. Kimin oynayacağı oyunun gedişatından asılı olacaq. Sabah səhər də məşqimiz olacaq. Sabah səhər bilinəcək kimin oynayacağı. Yenilərdən kiminsə heyətdə olmaq ehtimalı da var. Sonradan meydana çıxmaq ehtimalı da var.

- Belə rəqibə qarşı ilk oyunu evdə oynamaq daha yaxşıdır?
- Son vaxtlar bu haqda düşünmürəm. Çünki futbol son vaxtlar elə səviyyəyə gəlib ki, fərq etmir evdə və ya səfərdə oynamaq. Öz azarkeşlərimiz qarşısında oynamaq hamıya xoşdur. Əvvəl səfəri fikirləşirdiksə ki, ilk oyunun səfərdə olması daha yaxşıdır. Amma xeyli sayda oyunlarımız olub ki, Bakıda heç-heçə etmişik, səfərdə qalib gəlmişik, oyunun taleyini səfərdə həll etmişik. Bugünkü durumda bəlkə evdə oynamaq daha yaxşıdır. Belə düşübsə, edəcəyimiz bir şey yoxdur. İlk oyun səfərdə olsaydı, bəlkə başqa cür hazırlaşardıq. Belədirsə, buna uyğun hazırlaşırıq. Cavab oyunu tam fərqlidir. İlk oyunun nəticəsinə görə ikinci oyuna hazırlaşırsan.

- "Qarabağ"da dəyişikliklər olub, gedənlər və gələnlər var. Çərçivədə Luka olacaq, Amin?
- Heyətdə çox dəyişikliklər oldu. Zədəlilər, komandadan gedənlərə baxsaq, heç də az dəyişiklik deyil. Bu gün 3-4 futbolçumuzun heyətdən kənar olması bizim üçün asan deyil. Mənim narahatlığım bir odur ki, bugünkü "Qarabağ"dan daha yaxşı "Qarabağ"ı gələcəkdə görəcəyik. Oyunumuzu tam formalaşdırmamışıq. Kadi və Ovusunun olmaması, Vadjinin getməsi, Abbasın zədələnməsi... Elə oyunçular var ki, özlərinə tam gəlməyiblər. Bunlar narahat edən məqamlardır. Bunlar bizə az problem yaratmır. Amma qapıya gəldikdə, sabahkı oyunda hər ikisinin oynamaq ehtimalı var. Tam qərar verməmişəm. Hər ikisinin oynamaq ehtimalı var. Oyunda biləcəksiniz.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0