“Bir komandada oynadığım çox yaxşı futbolçular olub”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Məşqçilərimizi tanıyaq” layihəsi çərçivəsində idman ictimaiyyəti ilə görüşündə deyib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tələbələrin suallarını cavablandıran 50 yaşlı mütəxəssis “birlikdə oynadığınız ən yaxşı futbolçu kimdir” sualını belə cavablandırıb: “Təhlükəli sualdır. Tək-tək demək istəməzdim. Üç futbolçunun adını çəkəcəyəm. Onların potensialına baxanda düşünürsən ki, sanki Azərbaycana aid futbolçu deyillər. Bunlar Yunis Hüseynov, Vidadi Rzayev və Rəşad Sadıqovdur. Onlar Avropada yetişsəydilər, bəlkə də, böyük futbolçu olardılar. Futbolu qaçmaqdan, vurmaqdan asılı olaraq görə bilərik. Amma mütləq yaradıcı futbolçu olmalısan. Onlar isə doğuşdan futbola yaradıcı kimi gəlmişdilər. Hərəsinin özünəməxsus özəlliyi var idi. Bu qabiliyyətdə olan futbolçu Avropada yoxdur”.