Qurban Qurbanov: "Bu gün "Sabah" qələbəyə layiq idi"
16.04.2023 - 21:33
Qurban Qurbanov: "Bu gün "Sabah" qələbəyə layiq idi"

"İlk olaraq Murad Musayevi, "Sabah"ı təbrik edirəm. Çox vacib qalibiyyət əldə etdilər. Təəssüf ki, standart vəziyyətlərdən çox bəsit qollar buraxdıq. Futbolçulara rəqibin üstün tərəfləri haqda məlumat verilir. Əlbəttə ki, hardasa səhvlər buraxılır. 2-ci qol çox tez oldu. Qapıya yaxın olmayan yerdən yerinə yetirilən cərimə zərbələri qolla nəticələndi. Görünür, bu gün "Sabah" qələbəyə daha çox layiq idi. Onlara uğurlar arzulayıram. Öz komandama gələndə, çox etiraz ediləsi düşüncədə deyiləm. Bir ildən çoxdur ki, çempionatda məğlub olmurduq. Nə vaxtsa məğlubiyyətin olacağı gözlənilirdi. İnanıram ki, bu məğlubiyyət bizim üçün faydalı olacaq".

Apasport.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXX turunda "Sabah"a 1:2 məğlubiyyətlə başa çatan oyundan sonra keçirilən mətbuat konfransında deyib.

– Sizcə, nəticə oyuna görə oldu?
– Qalib gəliblərsə, deməli, onların haqqıdır. Hər 2 hissədə 100 faizli qol epizodlarımız oldu. Onlar bu gün qalibiyyətə daha çox layiq idilər.

– Sizə elə gəlmir ki, hücumçularınız son matçlarda qol epizodlarını sağa-sola xərcləyir?
– Futbol elə oyundur ki, hər epizodu qola çevirmək heç də asan deyil. İlk epizodda Musa Qurbanlı hər şeyi düzgün etmişdi, sadəcə qapıçı yaxşı oynadı. 2-ci epizodda top qapıçının üstünə getdi. Çox da asan top deyildi. Qol vururlar, qalib gəlirik, vurmurlar, məğlub oluruq.

– Filip Ozobiçin son oyunlarda ehtiyatda qalmasının səbəbi nədir?
– Elə bir səbəb yoxdur. Digər futbolçular neçə vaxtdır oynayırlar, heyət komplektləşib. Onun yerində oynayan Leandru Andradi özünü heç də pis göstərmir. Ozobiç də oynayacaq. Qarşıdakı oyunlarda onun da şansı olacaq. Ümumən hazırdır.

– Şahruddin Məhəmmədəliyev zədəsini tam sağaldıb?
– Tam sağalıb. Həkimlərlə məsləhət edəcəyik. Birdən-birə belə oyunlara çıxmaq risk olar. Eyni yerdən 2-ci dəfə zədə almışdı. Ona görə də daha çox vaxt udmaq istəyirik ki, tam bərpa olunsun. Hər şey yaxşılığa doğru gedir. Artıq komanda ilə tam məşqlərə qoşulub.

writer photo
Əlirza Əlirzalı
0