Qurban Qurbanov: "Çox güc sərf etməli olacağıq" - MÜSAHİBƏ
13.08.2023 - 20:57
Qurban Qurbanov: "Çox güc sərf etməli olacağıq" - MÜSAHİBƏ

“Rotasiyalar olsa da, komandada dinamika və sürət yaxşı görünürdü”.

Apasport.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Misli Premyer Liqasının II turunda “Turan-Tovuz”a 1:0 hesabı ilə qalib gələn Ağdam klubunun çalışdırıcısı ikinci hissədən daha razı qalıb. Qurbanov az oynayan futbolçuların çıxışından razı qalıb: "Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Vacib oyun idi. Daha vacibi az oynayan futbolçuların idman formasını yaxşılaşdırmaq idi. Şans qazananlar bunu layiqincə yerinə yetirdilər. Qarşıdakı matçlarda daha yaxşı idman formalarını geri qaytaracaqlar. "Turan Tovuz"un özünəməxsus oyun dəst-xətti var, başqa sistemdə oynayırlar və bunu da yaxşı icra edirlər. Onlar uduzmağı xoşlamırlar, sona qədər mübarizə aparırlar. İlk hissədə top itkilərimiz daha çox oldu. Ancaq ikinci hissə daha yaxşı oldu".

- Sizcə, oyunu bir az axşam vaxtına çəkmək olmazdı? "Sumqayıt" - "Sabah" görüşü təxirə salınmışdı...
- Çox isti idi, futbolçular əziyyət çəkdilər. Biz də PFL-ə müraciət etsəydik, olsa bilsin, yox deməzdilər. Sadəcə iki günün içərisində digər oyun təxirə salındığl bilindi. Ola bilər ki, bu barədə düşünmək heç birimizin ağlına gəlmədi. 

- HİK-in zəif və güclü tərəfləri barədə nə deyərdiz?
- Hələ ki, çox açıqlama verməyim düzgün olmaz. Bir komanda haqda ancaq pozitiv fikirlərim olacaq. HİK yaxşı rəqibdir. Həmişə demişəm ki, hər komanda, hər məşqçinin öz oyun sistemi varsa, bunu yaxşı yerinə yeteirirsə, deməli, stabildir. HİK də bu qəbildəndir. Onlar öz oyun sistemlərini yaxşı icra edirlər, illərdir bunu qoruyub-saxlayırlar, futbolçular bir-birilərini yaxşı tamamlayırlar. HİK-i Bakıdakı oyundan daha yaxından tanıdıq. Bizi xeyli yordular. Burada bəzi çatışmazlıqlarımız var idi. Çalışacağıq ki, səfərdəki görüşdə bunları aradan qaldırıb, oyunun gedişatında daha diqqətli, daha aktiv olaq. Böyük ehtimalla HİK-ə qarşı Finlandiyada daha çox güc sərf etməli olacağıq. Çünki Finlandiyada çempionatın ortasıdır, rəqib fiziki formadadır. Maksimum çalışacağıq ki, hücumda oynayaq. Yaxşı hazırlaşacağıq. Onlar da bizimlə mübarizəyə hazırlaşırlar. Ola bilsin ki, hansısa sürpriz etsinlər, riskə getsinlər. Maraqlı matç olacaq.

- "Qarabağ"ın növbəti transferi olacaq? Olacaqsa, hansı mövqe nəzərdə tutulub?
- Transfer olması mümkündür. Hər mövqeyə də həyata keçirə bilərik. Bir neçə oyunçu var ki, danışıqlar gedir. 

- Çili mətbuat yazmışdı ki, "Kolo-Kolo"nun vingeri ilə "Qarabağ" maraqlanır. Doğrudur?
- Çox futbolçu ilə maraqlanmışıq. Həmin oyunçunun da transfer siyahımızda olması mümkündür. Amma dəqiq məlumat verə bilmərəm.

- HİK-lə cavab görüşü süni örtüklü meydanda keçiriləcək. Bunun komandaya mənfi təsiri olacaq?
- Təbii örtüklü meydanda oynamaq bizim üçün daha rahat, daha asan, daha maraqlıdır. Bu zaman sürət fəqrli olur, futbolçular daha güvənli oynayırlar. Hansısa problemlərin olması gözləniləndir, amma bu barədə düşünmürük. Azərbaycanda da belə meydançalarda oynamışıq. Hər halda, təbii örtüklü meydanda oynasaq daha yaxşı idi. Futbolçularımız süni örtüklü meydanda daha diqqətli olmalıdır.
 

writer photo
Əlirza Əlirzalı
0