Qurban Qurbanov: "Daha hakimlərin işinə qarışmayacağam"
09.10.2022 - 19:25
Qurban Qurbanov: "Daha hakimlərin işinə qarışmayacağam"

“Maksim Medvedev və Kevin Medina hələ tam hazır deyil. Amma bu gün sona kimi oynadılar".

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının IX turunda “Qəbələ” üzərində 1:0 hesablı qələbə qazandıqları oyundan sonra deyib.

50 yaşlı mütəxəssis qarşılaşmanın ardından uzunmüddətli zədədən döndükdən sonra müdafiənin mərkəzində yer alan Maksim Medvedev və Kevin Medinanın hazırlığından danışıb: “Hiss olunurdu ki, onlara çətin idi. Təcrübəli olsalar da, oyunun ritmini tutmaq üçün bir neçə matçda iştirak etməlidirlər. Qarşıdakı oyunlarda əvvəlki formalarını bərpa etsələr, yenə əsas heyətdə oynamaq ehtimalları var. Belə dəyişiklikləri tez-tez edə bilərik. Çünki sıx qrafikdə çıxış edirik. Bu ərəfələr ən vacib 3 xalımızdan biri idi. Komandada bir az narahatlıq var idi. Səfərdən sonra tam özlərinə gəlməmişdilər. Bunun şahidi olduq. Çox əziyyət çəkdilər. Bəzən istədikləri alınmayanda gərginlik olur. Yaxşı komandaya qalib gəldik. Azlıqda qalsalar da, sona kimi mübarizə apardılar". 

- Leandro Andradenin vəziyyəti necədir?
- Böyük ehtimalla əzələ zədəsidir. Sabah dəqiq məlumat olacaq.

- Qırmızı vərəqə epizodunda hakimə nəsə dediz...
- Yox. Sadəcə, baxmaq istəyirdim.

- Belə təəssürat yarandı ki, qırmızı vərəqə verilməsini istəmirdiz...
- Daha hakimlərin işinə qarışmayacağam. Referi dedi ki, baxmaq olmaz. Ona görə kənara çəkildim.

- Qarşıda “Olimpiakos”la oyun var. Ev matçı barədə nə düşünürsüz?
- Xüsusi bir fikrimiz yoxdur. Sabahdan hazırlığa başlayacağıq. Oyunumuzu analiz edəcəyik. Gedişata uyğun addım atmağa çalışacağıq. İstər-istəməz gərginlik var. Gözləntilər və istək çoxdur. Hazırlıqda problem olmayacaq. Sabahdan vaxtımız olacaq ki, futbolçuları optimal formaya qaytaraq.

- Oyun sistemində dəyişiklik olacaq?
- Oyunun gedişatında hansısa detallar əlavə oluna bilər. Öz oyunumuzu daha da yaxşılaşdırmağın üzərində işləməliyik.

- Qara Qarayevin De Byazi ilə bağlı problemləri aydın idi. Maksim Medvedev də taktika ilə bağlı açıqlama verdi. Hər iki oyunçunun “Qarabağ”ın üzvü olması müzakirələrə səbəb olub...
- Hər ikisi həm də millinin futbolçusudur. Qəribə bir şey görmürəm. Milli haqda fikir bildirmirəm. Öz aralarında olan diskusiyadır. Hərə bir formada fikrini çatdırır. Dünya praktikasında olan şeylərdir. Belə hallar baş verir. Nə olur, onu deyə bilmərəm, fikir bildirmək düşüncəm yoxdur.

- Çoxları düşünür ki, “Qarabağ”a ölkədə rəqib yoxdur. Siz nə fikirləşirsiz?
- Çalışırıq, işimizi görək, üzərimizə düşən vəzifəni yerinə yetirək. Qarşıda çox oyun var. Çempion olmaq istəyirik. Amma bunu istəyənlər çoxdur. İndidən nəsə demək olmaz. Hər kəsə bizə inandıqları üçün təşəkkür edirəm.

writer photo
Əlirza Əlirzalı
0