Qurban Qurbanov: "Dəyişiklik üçün hücumda oyunçu azdır"
05.03.2023 - 19:26
Qurban Qurbanov: "Dəyişiklik üçün hücumda oyunçu azdır"

"Çox vacib oyun idi və vacib 3 xal qazandıq. Gərgin və maraqlı matç izlədik. Futbolçularımdan razı qaldım. Sarı vərəqələrlə bağlı diqqətli olmalarını demişdim. Ancaq bu, oyunun gərginliyindən irəli gələn məsələdir. Bəzi oyunçularımızın olmamasına rəğmən, dinamik oyun göstərdik".

Apasport.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXV turunun "Qəbələ"yə səfərdə 3:1 qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

– "Qəbələ" sizi nə ilə təəccübləndirdi?
– Bu komanda öz oyun üslübunu yaxşılaşdırıb. Onlar əks-hücumlarda təhlükəlidir. Müdafiənin arxasına atılan toplarda çox təhlükəlidirlər. Bir neçə epizodda bunun şahidi də olduq.

– "Qarabağ" nə vaxt pik formada olacaq?
– Deyə bilməyəcəyəm. Bizim düşünmədiyimiz hadisələr olur. Əlimdə dəyişiklik etmək üçün hücum xəttində oyunçu azdır. Adama Diakabi, Yassin Benzya zədəlidir. Futbolçular yaxşı formaya yaxınlaşırdılar. Çempionatın sonuna yaxın daha yaxşı komanda görə bilərik.

– Hakimlikdən razı qaldınız?
– Hakimlikdən razı qalmadığım vaxt olmayıb. Hakimə narazılıq bildirmirdim. Sadəcə dedim ki, çox bəsit sarı kartlar verirsən. 15-20 dəqiqəyə orta xətt oyunçularımıza sarı vərəqələr verdi. Belə olan halda, aqressivlik azalır. Hakimləri də başa düşmək olur. Matçlar gərgin keçir. Futbolçuların qışqırması, yıxılması onları aldadır. Ümumi olaraq, fikirlərim normaldır.

– Yeni gənclərdən kiminsə debütü gözlənilir?
– Hələ ki yox. Bizimlə məşq edən futbolçular var. Amma hazırda meydana buraxacağım oyunçu yoxdur.

– Əvvəllər "Qarabağ"a qol vurmaq çox çətin olurdu. İndi isə hər matçda komanda qol buraxır. Bunu Şahruddin Məhəmmədəliyevin yoxluğu ilə əlaqələndirmək olar?
– Şahruddinlə bağlı deyil. Bəli, çox qol buraxırıq. İradlarımı bildirirəm. Əsas səbəblər bizim müdafiədə diqqətsizlik və rəqiblərin hücumda yaxşı oynaması ilə bağlıdır. Bütün komandalar hücumameyilli oynayır. Əvvəl bizə qarşı sıx müdafiə olunurdular. İndi isə daha çox hücum edirlər. Ümumiyyətlə, səhvlərimizə xüsusi diqqət ayırırıq.

– Qara Qarayevin əsas heyətdə yerini itirdiyini düşünmək olar?
– Yox. Qaranın oynadığı az matçlar olmayıb. Hər oyunçunun oynamaq ehtimalı var. Qarşıda Qaranın əsas heyətdə oynadığı matçlar olacaq.

– AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək. Hər hansı təklifləriniz var?
– Yox. Bu mənə aid məsələ deyil.

– Yayda yeni transferlər gözlənilir?
– Etmək fikrimiz var. Daim liderliyi qoruyub-saxlamaq, Avropada yaxşı nəticələr əldə etmək istəyiriksə, heyəti genişləndirməliyik. Bu gün 23 futbolçuya sahibik. Lakin Avropa oyunlarında görürük ki, nə qədər çatışmazlıqlarımız var. Bəzən futbolçular böyük oyunlarda güclərini çatdıra bilmirlər. Bunun nəticəsində Adama Diakabi, Yassin Benzya kimi futbolçular zədələnir. Yay aylarında dəyişikliklər gözlənilir.

writer photo
Əlirza Əlirzalı
0