Qurban Qurbanov: "Futbolçulara psixoloji olaraq hazırlaşmağı məsləhət görmüşəm"
01.06.2024 - 16:46
Qurban Qurbanov: "Futbolçulara psixoloji olaraq hazırlaşmağı məsləhət görmüşəm"

Azərbaycan Kubokunun final görüşündən öncə təşkil olunmuş mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov iştirak edib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis sabah keçiriləcək görüşlə bağlı danışıb. Daha sonra isə jurnalistlərin suallarını cavablandırıb: 

"Çox istəyərdim ki, azarkeşlər üçün baxımlı oyun olsun. Nəticədən asılı olmayaraq. Çox ciddi rəqibə qarşı oynayırıq. "Zirə"yə qarşı oynamaq elə də asan olmayıb. Xüsusən də, son matçlarda. Çox yaxşı və formada olan komandaya qarşı oynayacağıq. Rəqibimiz ikinci yeri tutub. "Zirə" üçün çox yaxşı, böyük nəticədir. Bu oyunu daha rahat oynayacaqlar. Dəfələrlə demişəm ki, kubok tam başqa prestijdir. Hər bir futbolçu istəyər ki, kuboku qazansın. Bunun üçün pis hazırlaşmamışıq, vaxtımız oldu. Futbolçularım evə getmək istəyirdilər, amma onları bu oyuna tam hazır etməyə çalışdıq.. Nəticə üçün ən yaxşısını edib, azarkeşlərimiz üçün baxımlı oynamağa çalışacağıq".

- Dediz ki, "Zirə" matça rahat çıxacaq. Bu məqam işinizi daha da çətinləşdirəcək? 
- Üstünlükləri olacaq. Bir müddət əvvəl də onlarla finalda qarşılaşmışdıq. Penaltilərlə onlara qalib gəlmişdik. Elə o vaxtı da "Zirə"nin qalib gələrək avrokuboklara yollanması vacib idi. 120 dəqiqə oynadıq. Bu da əlavə motivasiyadır ki, belə oyunlarda Rəşad Sadıqov nəticəyə oynamağı bacarır. Rəqibə imkan vermir ki, öz oyun üslubunu meydanda yeritsin. İkinci yeri tutmaları, "Zirə"nin oyuna daha rahat, güvənli çıxmaqlarına kömək olacaq. Əgər komanda avrokuboklara çıxırsa, bu da tituldur. "Zirə"nin də şansları var ki, ikinci titulu əldə etsinlər. Bizim də şansımız var. Qarşımızda istəkli, inamlı rəqib olacaq. Keçən dəfəki final, həm də rəqibin ikinci yeri tutması "Zirə"nin üstünlükləridir.

- Penaltilərə hazırlaşmısız?
- Futbolçulara psixoloji olaraq hazırlaşmağı məsləhət görmüşəm.

- Finalların taleyini nə həll edir?
- Fərqli yanaşıram. Kubok oyunlarına fərqli yanaşıram. Ən böyük və ən gözlənilməz nəticələr elə kubokda olur. İstər ölkə kubokunda, istərsə də, avrokuboklarda belədir. Finallarda bəzən düşünmədiyimiz qaliblər görmüşük. Bundesliqaya baxın. İkinci Bundesliqa klubu finalda oynadı. Az qalmışdı ki, "Bayer"ə qalib gəlsinlər. Belə oyunlarda futbolçularımı psixoloji hazırlamağa çalışıram. Çempionatın sonunda onların fiziki formalarını çox tələb etmək düzgün deyil. Çünki onsuzda hazırdırlar. Psixoloji məqama üstünlük verirəm. Sərbəst və soyuqqanlı şəkildə bu oyunları düzgün oynamaqlarına üstünlük verirəm. Rəqibi də nəzərə almalıyıq. Daha istəkli, kubok üçün alışıb-yanan rəqib olacaq.

- Axşam "Real"a azarkeşlik edəcəksiz? Çünki onlar qalib gəlsə, ikinci mərhələdən başlayacaqsız ÇL-ə?
- Xeyr, "Qarabağ"a. Qoy birdən başlasın. Layiqli olan qalib gəlsin. Çalışmışıq ki, öz reytinqimizlə irəliləyək. Əgər bizim üçün xeyirlidirsə, üstünlüyü varsa, istərdik ki, "Real" qalib gəlsin. Proqramımızda dəyişiklik edəcəyik. İstəyirik ki, futbolçular üçün istirahət müddəti çox olsun. Oyunçularım bu mövsüm çox güc sərf etdilər. Oturub gözləyəcəyik.

- Qapı xəttində rotasiya ola bilər? Hər üç qapıçının ayrılacağı deyilir...
- Oyundan qabaq heç vaxt deməmişəm. Amma üstünlük Andrey Lunyovdadır.

writer photo
Əlirza Əlirzalı
0