Qurban Qurbanov: "İlk hissədə xeyli çətinliklər yaşadıq"
06.08.2022 - 22:15
Qurban Qurbanov: "İlk hissədə xeyli çətinliklər yaşadıq"

“Bu gün çox vacib 3 xal qazandıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının I turunda “Səbail” üzərində 3:1 hesablı qələbə qazandıqları oyundan sonra deyib.

Təcrübəli mütəxəssis matçın ardından qələbəni şərh edib: “Rəqibləri bəzən tam yaxından tanımırsan, necə oyun üslubuna malik olduğunu bilmirsən. “Səbail” də çox istəkli idi. Biz isə heyətdə rotasiya etmişdik. Oyun bəlkə sakit gedirdi. Ancaq, xüsusən də, ilk hissədə xeyli çətinliklər yaşadıq, narahatlıq oldu. Qələbə üçün futbolçular çox əziyyət çəkdilər. Çalışacağıq ki, qarşıdakı matçlara daha düzgün hazırlaşaq”.

Çalışdırıcı yeni transfer Julio Romaonun performansından razılıq bildirib: “Julio ilə bağlı fikirlərim pozitivdir. İlk görüş idi ki, 60-65 dəqiqə oynadı. Hiss olunur ki, komandaya daha tez uyğunlaşacaq. Çox sərbəst, rahat idi, topla yaxşı davranırdı. Amma ümumi idman formasından uzaqdır. Oyun təcrübəsi mütləq lazım olacaq. 3-5 oyun lazımdır ki, tam formaya düşsün”.

Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsində “Ferensvaroş”la avqustun 9-da səfərdə keçiriləcək cavab matçı barədə də fikirlərini bölüşüb: “Hazırlaşmağa elə vaxtımız olmadı. Bu gün oynamayan digər futbolçular digər meydançada məşqə başladılar. Sabah da məşqimiz olacaq. Çalışacağıq oyunçuları görüşə kimi müəyyən səviyyəyə çatdıraq. Onları teoretik hazırlamağa, fiziki formalarını qaydasına salmağa çalışacağıq. Vaxtımız da azdır. Ancaq futbolçuların performansı qaydasındadır. İnanıram ki, güclü rəqibə qarşı yaxşı oyun göstərəcəyik”.

writer photo
Əlirza Əlirzalı
0