Qurban Qurbanov: "İlklərin dadı başqa olur" - MÜSAHİBƏ
02.11.2022 - 18:45
Qurban Qurbanov: "İlklərin dadı başqa olur" - MÜSAHİBƏ

“Oyunun mahiyyətini bilirik".

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində “Frayburq”la keçiriləcək son oyun barədə danışarkən deyib.

50 yaşlı mütəxəssis matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən mətbuat konfransında komandasının sabahkı görüşə hazır olduğunu söyləyib: “Yaxşı komandaya qarşı oynayacağıq. "Frayburq" hələ məğlub olmayıb. Rəqibi daha yaxından tanıyırıq. Bilirik ki, sabah meydanda çox diqqətli olmalıyıq. Futbolçularıma həmişəki kimi güvənirəm. İnanıram ki, sabah qrupdakı son oyunumuzda yaxşı nəticə üçün uğurlu oyunlarımızdan birini göstərəcəyik".

- Komandada, xüsusən də, qapıçı Şahruddin Məhəmmədəliyevdə psixoloji durum necədir?
- Psixoloji durum son vaxtlar çox hallanır. Biz peşəkarıq, hər şey qaydasındadır. Bilirik ki, kollektiv oyun göstəririk. Narahat olduğum tərəf odur ki, ötən avrokubok matçından 6 gün keçib. Hər gün Şahruddinin adı hallanır, psixoloji durumundan danışılır. Çox istərdim ki, vacib oyun öncəsi bunlar olmasın. Bu, həm komandaya, həm də Şahruddinə böyük gərginlik yaradır. Hər şeyi çox gözəl başa düşürük. Azarkeşlərə həmişə güvənmişəm. Belə oyunlara real baxmalıyıq. Rəqiblərin gücü bəllidir. Hamımız bir yerdə yaxşı motivasiya ilə qalib gələ bilərik. Amma bu cür hallar təsir edir. Hər şey qaydasındadır. Heç bir psixoloji problemimiz yoxdur. Futbolçular bu cür oyunlarda özlərini necə idarə etmək lazım olduğunu bilirlər. Futbol səhvlər üzərində qurulub. Qruplardakı oyunlara baxsaq, inanmıram ki, hansısa görüş səhvsiz ötüşsün. Bizim bir düşüncəmiz var: son oyunumuzu yaxşı mübarizə ilə başa vurmaq.

- Kopenhagendəki cavab oyununa hazırlaşmaq baxımından atmosfer necə idi, bu gün necədir?
- Müqayisə aparmaq asan olmaz. Həmişə ilkləri əldə etməyin dadı başqa olur. Daim yaxşı nəticə əldə etmək istəmişik. Ad olaraq Çempionlar Liqasının pley-off mərhələsi daha həyəcanlı sayıla bilər. Amma bu oyunu ondan ayırmazdım. Həyəcan komandada həmişə olub. Çempionat matçlarında belə, bunu hiss edirik. Klub olaraq xeyli təcrübəyə malikik. Sabahkı qarşılaşmada hamı yaxşı nəticə üçün istəkli, həyəcanlı olacaq.

- “Frayburq”un birinciliyi təmin etməsinin yaxşı və pis tərəfləri nələrdir?
- Komanda bəzən vəzifəsini yerinə yetirəndə daha rahat oynayır, istədiyi oyunu tam göstərə bilir. Biz daha çox öz oyunumuz haqda fikirləşirik. Rəqibin nə etmək istədiyinə zaman ayırsaq, özümüzə vaxtımız az olar. Hansı heyətlə oynayacaqlarını sabah biləcəyik.

- Qara Qarayev, Bədavi Hüseynov və Leandro Andrade sabah oynaya biləcək?
- Bədavidə problem yoxdur. Andrade zədəsini yenilədi, bir müddət də vaxt lazım olacaq. Qara hələ kollektivlə birgə məşq etməyib. Sabah iştirak ərizəsində olub-olmayacağına qərar verəcəyik.

- “Qarabağ” 9 ildir avrokubokların qrup mərhələsinin son oyununda qələbə qazana bilməyib. Bu amil sizdə psixoloji təzyiq yaratmır?
- Keçmişə qayıtmaq istəmirik. Qarşımızda sabahkı görüş durur. Belə hallara bir o qədər önəm vermirəm. Yalnız qarşılaşmaya köklənmişik. Qarşımızda yaxşı, intizamlı alman komandası var. Yenə də ən yaxşı oyunlarımızdan birini keçirmək istəyirik.

writer photo
Əlirza Əlirzalı
0