Qurban Qurbanov: "Leverkuzenə ümidsiz getmirik"
08.03.2024 - 01:24
Qurban Qurbanov: "Leverkuzenə ümidsiz getmirik"

"Azarkeşlərə təşəkkür edirəm. Çətin hava şəraitində sona qədər bizimlə oldular. Stadionda böyük futbol ab-havası var idi. Futbolçularıma təşəkkür edirəm ki, bu cür performans göstərdilər. Qalib gəlmək şansımız da var idi. Sonda bərabərlik oldu. Mənim üçün vacib olan oyun intizamı və sona kimi dözmək idi". 

Apasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1/8 final mərhələsinin "Bayer"lə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

- Bu gün stadionda qadın azarkeşlər də az deyildi, sanki onlar "Qarabağ"dan 8 mart hədiyyəsi olaraq uğurlu nəticə gözləyirdi. Bu da oldu. "Qarabağ"ın uğurlarını Azərbaycan dövlətinin siyasəti kimi yozurlar. Bu gün "Bayer"ə vurulan iki qolla klubun dövlət siyasətinin proyekti olmadığını sübut etdiz? Ki, "Qarabağ" futboldur, siyasət deyil...

- Əvvəlki mətbuat konfranslarından fərqli olaraq, bu gün qadınlarımız da burada çoxdur. Azərbaycanlı kişilərin qadınlara münasibəti fərqlidir, dəfələrlə şahidi olmuşam. Biz qadınlara çox böyük dəyər veririk. Allah sizləri qorusun, həmişə üzünüz gülsün. Özünüzü inamlı hiss edəsiz ki, Azərbaycanda bu cür kişilər var, qadınlara hörmət edib, qoruyurlar. 

O ki qaldı, digər məsələyə, biz dəfələrlə demişik ki, futbol, idman siyasətdən uzaq olmalıdır. Nə də etsək, istər-istəməz siyasətə qarışır. Dəfələrlə olub ki, səfər matçlarımızda düşmənlərimiz hansısa ağılsızlıq ediblər, guya özlərini göstərmək istəyiblər. Baş açmamışam. “Qarabağ” ad olaraq bəzən siyasətə qarışıb. Dəfələrlə demişəm ki, bu ölkənin övladlarıyıq, bu ölkəni təmsil ediriksə, hansı idmanda olsaq belə, xaricdə özümüzü layiqincə göstərməliyik. Biz qonaqpərvərik, kiminsə malında, torpağında gözümüz yoxdur. Milli mentalitetimiz var, onu göstərməyə çalışmışıq. İstəməsək də, ola bilər siyasi tərəfdən adımız hallanır. “Qarabağ” adı mənim, hamı üçün çox önəmlidir. Çalışırıq ki, özümüzü istənilən ölkədə intizamlı, layiqli aparaq. Mən özüm siyasətdən uzağam, siyasətin dərinliklərin bilmirəm. Bilmirəm futbol siyasətdir, yoxsa siyasət deyil.

- Cəzalı futbolçularınızın olmaması oyuna təsir göstərdi?

- Faiz olaraq deyə bilmərəm. Amma böyük ehtimal oldu. Belə oyunlarda sürəti, dinamikanı qoruyub-saxlamaq çox önəmlidir. Elvin Cəfərquliyev və Julio Romao 90 dəqiqə meydanda gücləri çata bilən oyunçulardır. Sürətə, dinamikaya dözənlərdir. Bir neçə oyunçumuzun sona yaxın yorğunluqları hiss edildi. Hətta əzələlərində problem oldu.

- Eyni oyunu, gücü Leverkuzendəki matçda göstərib, növbəti dəfə tarix yaza bilərsiz?

- Hər şeyə real baxmalıyıq. Oyundan əvvəl bəlkə ən çox inamlı olan mən idim. Ki, bu gün rəqibə qarşı düzgün oyun quracağıq və komandam yaxşı oynayacaq. Amma hər yerdə oxuyurdum, zənglər, mesajlar gəlirdi ki, başa düşürük "Bayer" güclüdür, səviyyə fərqi çoxdur, məğlub olsaq da, canımız sağ olsun". Özümdə inam var idi ki, “Bayer”ə qarşı nəticə əldə edə bilərik. Ən azından Bakıda. Belə də, oldu. Leverkuzendəki matça da ümidsiz getmirəm. Komandamın ilk oyundan daha yaxşı oynaması, mübarizə aparması üçün hazırlayacam. Buna ehtiyac olacaq. Almaniya, İspaniya komandalarında istənilən rəqibə qarşı meydana rahata çıxmaq yoxdur. Çox ciddi olurlar. Xabi Alonso ilə səfərdəki görüşümüzdə də bu haqda danışırdıq. O, mənə analizlər zamanı bəzi nöqtələrimiz haqda danışırdı. Bu onu göstərdi ki, bizə ciddi yanaşırlar. İstənilən halda, Leverkuzenə ümidsiz getmirik. 

- "Bayer" əsas heyətdə əsas oyunçularını start heyətində meydana buraxmamışdı. Rəqibdən belə addım gözləyirdiz?

- Ciddi dəyişiklik yox idi. Gözləyirdim ki, bir neçə oyunçuya istirahət versinlər. Əvvəlki matçlarımızda da heyət eyni idi. Virtz, Bonifase meydanda yox idi. Amma ikinci yarıda Virtz oynadı. Bəlkə də, üstünlükləri onda oldu. Onlar tempi yüksəldib, ustalıqlarını ortaya qoydular. Hücum xəttində düşünürdük ki, Patrik Şik oynayacaq, ancaq Borxa İqlesias oynayırdı. Sadəcə onu səhv düşündüm.

- "Neftçi" ilə oyunda "Bayer"lə görüş üçün bəzi taktiki gedişləri sınaqdan keçirdiyinizi demişdiz. İstədikləriniz alındı?

- Qolların ikisini də elə vurduq. Bunu daha sürətli hücumlarla etdik. "Bayer"in çox sürətli oyunçuları var. Avropanın ən sürətli komandalarından biridir. "Neftçi" ilə matçda da sürətli qollarımız oldu, “Bayer”lə görüşdə də. Juninyonun daha bir epizodu oldu, yararlana bilmədik. Müdafiə olunanda da bir-iki element var idi ki, “Neftçi” ilə matçda sınaqdan keçirmişdik. Bu gün də reallaşdırdıq. Sadəcə sona qədər qoruyub-saxlaya bilmədik, yoruldular.

- Juninyonun vəziyyəti nə yerdədir?

- Ola bilər ki, əzələsində problem yaransın. Sabah dəqiq bilinəcək. Digərlərində ciddi problem olmalı deyil. Həkimlərin dediyinə görə, Juninyoda 70 faiz yorğunluq yox, zədədir. 

- 2010-cu ildə "Borussiya"ya Bakıda 0:1 uduzandan sonra demişdiz ki, bu cür komandalarla oynamağa hazır deyilik. 14 il ərzində nə dəyişdi ki, artıq "Bayer"i məğlub etməyə belə, yaxın idiz?

- Etiraf edək ki, 1-2 matça komandanı bu cür oyunlara kökləmək olur. İlboyu buna gücümüz çatmaya bilər. 1/8 final oyunu idi deyə, oyunçular daha istəkli idilər. 14 il ərzində həm mənim təcrübəm artıb, klub olaraq böyümüşük. Problem ondadır ki, onlar da önə gedirlər, daha sürətlə inkişaf edirlər. Tək bir oyuna görə artıq Bundesliqa komandasına qarşı mübarizə aparmağa tam hazır olduğumuzu deməzdim. Ustalıq səviyyəsini fikirləşməliyik. İlboyu, belə azarkeş qarşısında oynamalıyıq ki, oyunumuzun tempi aşağı düşməsin. Çox nüans var. İlboyu 3-4 belə oyun oynayırıq. 

- Abdullah Zubirin psixoloji durumu necədir? 

- Heç kimə irad bildirmədim. Oyun epizodu idi. Top bəzən sənin istədiiyn kimi öz adresinə getmir. Fikir bildirmədim. Əksinə, hamısına təşəkkür etdim. 

- Cavab oyununa görə Premyer Liqadakı növbəti matçınızın təxirə salınmasını istəyəcəksiz?

- Yox. Artıq gecdir. Əvvəlki matçlarda olduğu kimi rotasiyalar edəcəyik. Öz planımıza uyğun hazırlaşacağıq.

writer photo
Əlirza Əlirzalı
0