"Hamımıza məlumdur ki, təmas xəttində terrora qarşı mübarizə gedir. Şəhidlərimiz var, Allah rəhmət etsin. Bəlkə də oyun barədə çox danışmağa ehtiyac yoxdur".
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
51 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin “Molde” (Norveç) ilə sabah keçiriləcək cavab oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında fikirlərini açıqlayıb. O bildirib ki, hər bir halda, matça hazır olmalıdırlar: “Çox ciddi rəqibə qarşı oynayırıq. Fikrimiz həm oyunda, həm də cəbhə bölgəsində olacaq”.
- Yenə sentyabr, yenə belə durum... Sabahkı oyunda qalib gəlmək çətin olmayacaq?
- Bəlkə də, oyunun Bakıda olması uyğun deyildi. Amma hər bir halda, nəinki sabah, bütün oyunlarımızda şəhidlərimizi fikirləşmişik. Dəfələrlə demişəm ki, komandanın adı dəyərlidir. Çalışmışıq ki, adımızı qoruyub-saxlayaq. Sabah bəlkə futbolçularda hansısa psixoloji təsir olacaq. İstər-istəməz belə hal yaşanacaq. Bir dəfə belə olub. Oyuna hazırlaşırdıq, bütün günü məlumatlar alırdıq. Nə qədər bacarırdıq, cəbhədən xəbər alırdıq. Sabah da belə olacaq. Bir saat əvvəl yaxşılığa doğru məlumat oldu. Amma rəsmi xəbəri gözləyirik. Çalışacağıq ki, işimizə məsuliyyətlə yanaşaq. Yaxşı nəticə üçün inanıram ki, futbolçular hər şeyi edəcək.
- Rəqibin zəif nöqtələrini tam olaraq analiz edə bilmisiz?
- Zəif nöqtələri demək düzgün olmaz. Ümumən rəqibi analiz etmişik. Son vaxtlar bəlkə də, meydanda ən intizamlı oyun göstərən komandalardan biridir. Öz sistemlərini istəklə və düzgün yerinə yetirən kollektivdir. Bu rəqib meydanda heç bir boşluq verməyi xoşlamır. Sadəcə, biz maksimum çalışmalıyıq ki, “Molde”ni səhvə məcbur edək. Onda yaxşı nəticə əldə edə bilərik. Bunun üçün də böyük güc sərf etmək lazımdır.
- Bəhlul Mustafazadənin durumu necədir?
- Sabah oyuna kimi bir məlumat verilməyəcək. Çünki hələ ağrıları var. Dünəndən bu günə fərq var. Həkimlərlə danışmışıq. Amma fakt olaraq, bu günkü durumu bizi tam qane etmir. Sabah yenə baxacağıq. Məşqdə tam iştirak etdikdən sonra fikir bildirə bilərik.
- Üç ilki və indiki "Molde" arasında hansı fərqlər var?
- Sistemi fərqlidir. Futbolçuları daha inamlıdırlar. İlk oyundan sonra daha ətraflı məlumat verə biləcəm.
- Azarkeşlər düşünür ki, “Qarabağ” “Molde”dən qisas almaldıır. Siz nə fikirləşirsiz?
- Qisas fikrilə yanaşmaq, oyunumuza mane ola bilər. Bu gün kimliyindən asılı olmayaraq, şansdan istifadə etmək istəyirik. Məqsədimiz minimum Avropa Liqasının qrupuna düşmək idi. Bunu bacardıq. Qarşıdakı oyunlarda istəyirik ki, inamlı nəticə və oyun göstərək. Sadəcə həmişə bu fikirlərdən narahat olmuşam, futbolçulara təsir edə bilər. Azarkeşlərə böyük hörmətlə yanaşmışıq, güvənmişik. Onlar bizdən həmişə uğur tələb edib. Bu da bizə əlavə motivasiya verib. Bütün oyunlarda bütün rəqiblərə qarşı istəkli olsaq da, soyuqqanlı yanaşmalıyıq. İstəyərdik ki, qalib gələk. Bunun üçün bütün gücümüzü meydanda qoyacağıq. Azarkeşlərimizi sevindirmək üçün yaxşı oyun və yaxşı nəticə əldə etmək istəyirik.