Qurban Qurbanov: “Məndə heç bir həyəcan yoxdur”
02.08.2022 - 17:46
Qurban Qurbanov: “Məndə heç bir həyəcan yoxdur”

“Yaxşı komandaya qarşı oynayacağıq".

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstan klubu “Ferensvaroş”la keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis sabah Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq matçla bağlı bunları deyib: “Ferensvaroş" çox yaxşı, təcrübəli baş məşqçisi olan rəqibdir. Çerçesov Rusiyada ən öndə gedən simalardan biridir. Çox geniş karyerası var. Bu komandaya qarşı çox diqqətli olmalıyıq. Yaxşı müdafiə xətləri var. Rəqibi daha yaxından tanımağa çalışdıq. Sabah futbolçularımın üzərinə böyük yük düşəcək. Onların bunu bacaracağına inanıram".

- Oyun ətrafında sanki süni ajiotaj yaradılır. Rusiya mətbuatı bunu daha çox Qurban Qurbanov – Stanislav Çerçesov dueli kimi qələmə verir. Bu amil sizin üzərinizdə əlavə təzyiq yaratmır?
- Bu günlərdə mətbuatdan uzaq olmağa çalışdım. Çünki ilk günlərdə gördüm  ki, həddən artıq çox fikir bildirilir. Amma buna normal baxıram. Hərtərəfli maraqlı qarşılaşmadır. Məndə heç bir həyəcan, təsir yoxdur. Əksinə, yaxşı komandalara, məşqçilərə qarşı oynamaq mənim üçün maraqlı olur. Təcrübəmi, potensialımı daha da artırmaq baxımından. Gələcək işim, düşüncələrim üçün də maraqlı görüş olacaq. Fərqli düşüncələri, oyun üslubu olan məşqçilərlə qarşılamaq maraqlıdır. Bu, gələcəkdə işimin yaxşılaşmasına səbəb olacaq.

- Komandada daha böyük itkilərin olmaması üçün çempionat oyununun təxirə salınmasına müraciət etdinizmi?
- Assosiasiyadan maraqlandılar ki, 1-ci tur matçının təxirə salınması üçün müraciət etmək fikriniz varmı? Amma biz müraciət etmədik. Digər oyunçularımız var ki, onların da oyun təcrübəsinin yaxşılaşmasını istəyirik. İtkilərimiz var, amma futbol mübarizədir, belə bir oyundur. Çempionlar Liqasının yükü böyükdür, digər turnirlərdən daha çox enerji itirirsən, emosiyalarını saxlaya bilmirsən.

- Daha çox müzakirə olunan məqamlardan biri də odur ki, “Qarabağ”a bu mövsüm düşən ən güclü rəqib “Ferensvaroş”dur. Siz bu barədə nə düşünürsünüz?
- Bizə hər mərhələdə ən yaxşısı düşür. Bu mərhələyə böyük üstünlüklə gəlib çıxıbsa, deməli, “Ferensvaroş” daha yaxşı formadadır. Ümumi çemponatları nəzərə ala bilərik. Liqaları bizimkindən üstündür. Amma bizim də təcrübəmiz var. Əlimizə düşən şansdan maksimum yararlanmaq istəyirik. Balanslı komandaya qarşı oynayacağıq. Hər mövqeyində keyfiyyətli futbolçular cəmləşib. Biz də bura kimi gəlmişiksə, deməli, istəyimiz bir o qədər az deyil.

- “Qarabağ” bəzi hallarda hakim səhvlərinin acı nəticəsini görüb. Bu mövsüm Çempionlar Liqasında ilk dəfə VAR sistemindən istifadə olunacaq. Buna münasibətiniz necədir?
- Bizim üçün bir neçə detal varsa, ondan istifadə etməyə çalışırıq. Elə epizodlar var ki, bu sistem olmayanda o qədər də diqqət yetirilmir. Amma VAR olduqda heç nə gözdən qaçmır. Belə olan halda futbolçular da meydanda daha diqqətli olurlar. İstəməzdim ki, sabah kimsə bunun acısını çəksin. VAR sisteminin olmasına sevinirəm. İnanıram ki, sabah ədalətli qərarlar verəcəklər. Hətta bəzən VAR sisteminə əsasən verilən qərara da etiraz olur. İstəməzdim ki, hansısa epizod saxlanılsın, VAR-da müzakirə olunsun. Lakin bu da futbolda yeniliklərdən biridir.

writer photo
Əlirza Əlirzalı
0