Qurban Qurbanov: "Şamaxıda oynamaq asan deyil"
02.04.2023 - 17:55
Qurban Qurbanov: "Şamaxıda oynamaq asan deyil"

"Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal əldə olundu. Daha baxımlı oynaya bilərdik. Burada oynamaq heç də asan deyil. Həm meydança, həm buranın atmosferi, havası. Dəniz səviyyəsindən xeyli yuxarıdadır. Futbolçuların daha dinamik olmasına problem yaradır. Oyundan-oyuna "Şamaxı" haqda xoş təəssüratlar yaranır. Onlara uğurlar arzulayıram".

Apasport.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXVIII turunun "Şamaxı" ilə səfər matçından (1:0) sonra keçirilən mətbuat konfransında deyib.

– Heyət seçimi futbolçuların millidən yorğun qayıtması ilə bağlı idi?
– O amil də var idi. Bir neçə oyunçunun daha çox istirahət etməsini istədik. 2 ağır oyun keçirmişdilər. Sonda meydanda yerlilərin sayı çoxaldı. Digər futbolçular da əsas heyətdə oynamağa layiq idilər. "Qalatasaray"la matçda hər biri özünü yaxşı tərəfdən göstərmişdi. Qarşıda da belə hallar ola bilər. Kim hazırdırsa, onu meydana buraxmağa çalışırıq.

– Millidən qayıdan futbolçularla yığma komanda mövzusunda söhbətiniz olub?
– Yox. "Şamaxı" ilə oyuna hazırlaşırdıq. Sadəcə, onların yorğunluğuna görə narahat idim. Psixoloji sıxıntıları da hiss olunurdu, bir az həvəssiz idilər. 2 gün əvvəl normal məşq keçdilər.

– Filip Ozobiçin oyununda düşkünlük hiss olunur. Bunun səbəbi nədir?
– Hec bir psixoloji problemi yoxdur, hər şey qaydasındadır. 4 ay oynamadı. Hələ indi özünə gəlir. Bir az oyun praktikası lazımdır. Birdən-birə 90 dəqiqə meydanda olmağa tam hazır deyil. Bizim üçün hər oyun çox vacibdir. Qarşıdakı matçlarda yavaş-yavaş qaydasına düşəcək.

– Millinin məşqçisi Arif Əsədov bildirib ki, futbolçular fiziki cəhətdən hazır deyillər. Bu haqda nə deyə bilərsiniz?
– Fikir bildirmək istəmirəm. İllər boyu bu söhbət həmişə var. Əksinə, millidən qayıdandan sonra futbolçuları əvvəlki formasına qaytarmaq üçün mənə azı 20 gün lazım olur. Oynayanlara istirahət verirəm. Oynamayanlar həm məşqlərdən, həm oyun praktikasından uzaq qalırlar. Millidən qayıdandan sonra futbolçuların hamısını eyni səviyyəyə gətirmək bizim üçün heç də asan deyil. Bu söz-söhbətlər həmişə olub. Normal şeydir.

– Qapıda Amin Ramazanova şans verməməyinizin səbəbi nədir?
– Hər futbolçunu meydana buraxmaq düşüncəmiz olur. Bu gün belə qərar verdik. Amin son vaxtlar yaxşılığa doğru gedir. Daha da yaxşı olacaq.

writer photo
Əlirza Əlirzalı
0