“Lenovo” və “Neftçi” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.
İki brend arasındakı əməkdaşlıq yüksək performans və davamlı yenilik kimi ortaq dəyərlərin göstəricisidir. Əməkdaşlıq çərçivəsində şirkət “Neftçi”ni “Lenovo Tab P11” planşetləri kimi smart texnologiyalarla təmin edəcək. Bu planşetlər “Neftçi TV”nin verilişlərinin canlı yayımı, komandanın oyun və məşqləri zamanı, həmçinin klubun mətbuat konfransı zalındakı tədbirlərdə istifadə olunacaq.
“Neftçi”nin prezidenti Kamran Quliyev əməkdaşlıq müqaviləsi barədə fikirlərini bildirib: “Azarkeşlərlə qarşılıqlı əlaqəni və komandanın inkişafını nəzərə alaraq, “Neftçi”nin yeni zirvələrə yüksəlməsi üçün futbol və texnologiya arasında əməkdaşlıq vacibdir. Biz “Lenovo” ilə əməkdaşlıqdan məmnunuq. Biz birlikdə “Neftçi”ni daha da texnoloji və mütərəqqi edəcək innovasiyaları stimullaşdıra bilərik”.
“Lenovo” şirkətinin Mərkəzi Asiya üzrə baş direktoru Alnur Yermagambetov da əməkdaşlıq haqda fikirlərini bölüşüb: “Biz Azərbaycanın ən köklü futbol klublarından biri ilə əməkdaşlığımızla fəxr edirik. İdman zəfərlərinin uzunömürlü tarixi, mükafat və titulların böyük siyahısı, eləcə də “Lenovo” ilə ortaq dəyərlər bunun sponsorluqdan daha çox şey olduğunu söyləməyə imkan verir – bu həm meydanda, həm də meydandan kənarda uğur qazanmağa can atan qaliblərin əməkdaşlığıdır. Ağıllı texnologiyaların və innovativ məhsulların köməyi ilə “Neftçi” PFK rəqəmsal transformasiyaya doğru daha bir addım atır”.
Qeyd edək ki, şirkət hazırda “Ducati MotoGP™” komandasının titul sponsoru, həmçinin “Formula 1”, “İnter” (Milan) Futbol Klubunun, Səudiyyə Ərəbistanı Futbol Federasiyasının və “Şimali Karolina” (ABŞ) Futbol Klubunun texnoloji əməkdaşıdır.