“Qarabağ”ın forvardı Redon Cica daha çox oyun praktikası qazanmaq üçün qışda başqa komandaya keçməyi planlaşdırırdı.
Apasport.az xəbər verir ki, eyni zamanda, Türkiyə Superliqasında yarışan “Ankaragücü” Cica üçün “Qarabağ”a müraciət etmək niyyətində idi.
Saytımıza verilən məlumata görə, son anda hansısa dəyişiklik olmasa, albaniyalı forvard qışda komandada qalacaq. Bunu isə komandanın baş məşqçisi Qurban Qurbanov istəyib.
“Tirana”dan transfer edilmiş forvard Juninyonun performansının yaxşılaşmasından sonra kölgəyə çəkilsə də, “Qarabağ” Cicanı buraxmaq istəmir. Futbolçunun yaya qədər əsas heyətə düşmək uğrunda rəqabət aparacağı bildirilir.
Qeyd edək ki, Cica 2023-cü il yanvarın 24-də “Qarabağ”la üç illik müqavilə imzalamışdı.