Dünyanın ən yaxşı baş məşqçilərinin reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, siyahıda fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis yer alıb.
Son 4 ilin nəticələrinə əsasən tərtib olunan cədvəldə Azərbaycan Premyer Liqası iki mütəxəssislə təmsil olunub. “Neftçi”nin rumıniyalı baş məşqçisi Laurentsiu Regekampf və “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov “Top-500”də qərarlaşıb.
Cədvəldəki yeganə azərbaycanlı məşqçi Qurbanov 1595 xalla 205-cidir. 51 yaşlı mütəxəssis ötən cədvəllə müqayisədə 1 pillə irəliləyib.
“Neftçi”nin çalışdırıcısı 1627 xalla 174-cüdür. Legioner mütəxəssis də bir pillə yüksəlib.
Qeyd edək ki, ilk “üçlük” dəyişməz qalıb. Siyahıya Pep Qvardiola (2194) başçılıq edir. Yurgen Klopp (2112) və Joze Mourinyo (2063) liderin ən yaxın izləyiciləridir.