Rahid Əmirquliyev: “Bu dəfə də favoritim Braziliyadır”
18.11.2022 - 10:48
Rahid Əmirquliyev: “Bu dəfə də favoritim Braziliyadır”

“Dünya çempionatına mütləq baxacağam. Maraqlı oyunlar olacaq”.

Apasport.az saytının məlumatına görə, bunu “Səbail”in kapitanı Rahid Əmirquliyev Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı danışarkən deyib.

33 yaşlı yarımmüdafiəçi DÇ-2022-dəki favoritlərini açıqlayıb. O, 3 komandanın yarımfinala qədər irəliləyəcəyini düşünür: “Həmişə Braziliyaya azarkeşlik etmişəm. Bu dəfə də favoritim onlardır. Ancaq Argentina və Fransadan da uğurlu çıxış gözləyirəm. Ümumilikdə bu üç komandanı yarımfinalda görürəm”.

Azərbaycan millisinin sabiq oyunçusu mundialın ilk dəfə yay fasiləsində keçirilməməsinin böyük klublara ziyan vuracağı qənaətindədir: “Dünya çempionatının bu aylarda keçirilməsi böyük liqalarda iştirak edən klublara ağırdır. Oyunçuları çempionatda yaranmış fasilədə də dincəlməyəcək, mundialın ardından yenidən klubdakı çıxışlarını davam etdirəcəklər. Düzdür, bunun bizə aidiyyəti yoxdur. Ancaq praktikada ilk dəfədir belə hal yaşanır. Görək necə alınacaq. Məncə, böyük klublar bundan əziyyət çəkəcəklər”.

Qeyd edək ki, DÇ-2022-yə noyabrın 20-də Qətər – Ekvador oyunu ilə start veriləcək. 60 min tamaşaçı tutumuna malik “El-Bayt” stadionunda keçiriləcək açılış matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0