Rahid Əmirquliyev: "Milli əvvəldən belə oynasaydı, qrupdan da çıxardıq" - Müsahibə
19.11.2023 - 15:41
Rahid Əmirquliyev: "Milli əvvəldən belə oynasaydı, qrupdan da çıxardıq" - Müsahibə

AFFA-nın Azərbaycan – İsveç görüşü öncəsi xüsusi hədiyyələr verərək vidalaşdığı oyunçulardan biri də milli komandamızın sabiq üzvü Rahid Əmirquliyev oldu. Apasport.az saytına müsahibə verən Əmirquliyev yığmanın durumundan danışıb.

- İsveçlə matçdan öncə AFFA sizə xüsusi hədiyyələr, forma təqdim etdi. Bu cür tədbirin keçirilməsi ilə bağlı fikrin necədir?

- Bəli, matçöncəsi bizə hədiyyələr və forma təqdim olundu. AFFA-ya, Sərxan Hacıyevə, Gənclər və İdman Naziri Fərid Qayıbova təşəkkür edirəm ki, bizə belə dəyər verdilər. Veteran futbolçu kimi, bu cür diqqəti görmək xoşdur. Məncə, Millinin hər bir keçmiş üzvünə belə dəyər verilməlidir. Bizim üçün sevindirici haldır ki, futbolu bitirsək də, bizi unutmayıblar.

- Vida matçının təşkil edilməsi necə, planda var idi?

- Açığı, mən heç belə tədbirin keçirilə biləcəyini gözləmirdim. Yəni, bizi oyuna dəvət etsinlər, bizimlə bu cür vidalaşsınlar. Belə hadisənin indiyə qədər olması da yadıma gəlmir. Ancaq sağ olsun, AFFA və GİN belə addım atdı. Düşünürəm ki, bundan sonra da belə davam etsə, yaxşı olar. Yəni, millidə oynamış, karyerasını başa vurmuş hər bir futbolçu ilə belə dəyərli şəkildə vidalaşsalar, yaxşıdır. Əslində, bu cür də olmalıdır. 

- Maraqlıdır, millidəki karyeran deyəndə, ilk gözünün qarşısına vurduğun hansı qol və hansı matç gəlir?

- Millidə çox oyun keçirmişəm. Təbii ki, yaxşı oyunlarımız da olub, üzücü də. Qol deyəndə, millidə üç qolum var. O qədər də çox vurmamışam. Amma həmin qollar arasında İsrailə vurduğumu daha çox xatırlayıram. Oyunu da yaxşı oynamışdıq, qol da vurmuşdum. Ən yaddaqalan matç? Yəqin ki, Türkiyəni Bakıda 1:0 məğlub etdiyimiz oyunu qeyd edərdim. Həqiqətən də, möhtəşəm anlar idi. Komanda çox yaxşı oyun göstərərək qalib gəlmişdi.

- Azərbaycan millisinin son oyunda İsveçə 3:0 qalib gəlməsini necə şərh edərdin?

- Oyundan qabaq inanmıram ki, kimsə bu cür hesab gözləyirdi. Doğrudur, ehtimal edirdim ki, millimiz İsveçdən xal alacaq. Lakin belə qələbə ehtimal etmirdim. Hamımız üçün sevindirici hal oldu. Milli yaxşı oyunla layiqli qələbə qazandı. Lakin dediyim kimi, qələbə gözlənilməz idi. Millimiz göstərdi ki, oyun oynaya bilir, istənilən rəqibə başağrısı ola bilər.

- Səncə, yığma komandamız niyə qrupun ilk oyunundan bu cür oynaya bilmirdi?

- Millimiz belə oynasaydı, qrupdan da çıxa bilərdi. Amma futbolda hər rəqibə qarşı eyni cür oyunu oynamaq olmur. Belçika və Avstriya yığmaları çox güclü komandalardır. Lakin milli sübut etdi ki, istənilən güclü rəqibə başağrı ola bilər. Bunu görmək sevindiricidir. Gələcəyə ümid verir.

- Bu gün yığmamız qrupdakı sonuncu görüşünə çıxır. Rəqib də Belçikadır. Səncə bu dəfə səfərdə onlardan xal ala bilərik? 

- Təbii ki, İsveçlə matçdan sonra əhval-ruhiyyə yaxşı olmalıdır. Amma Belçika çox güclüdür. Səfərdə onlardan üç xal almaq çox çətindir. İnanmıram ki, millimiz Brüsseldən üç xal alsın. Çox istəyərdim ki, qələbə ilə qayıtsınlar. Ancaq bunu etmək çox çətin olacaq. Hər halda, ümid var ki, milli evə bir xalla dönsün.

writer photo
Əlirza Əlirzalı
0