Azərbaycan milli komandasının sabiq kapitanı Rail Məlikov apasport.az saytına müsahibə verib.
- Azərbaycan millisi Slovakiyaya da uduzdu. Bu görüşdə millinin performansını necə dəyərləndirirsən? Səncə, millimiz bu oyunda niyə məğlub oldu?
- Təəssüflər olsun ki, hər iki oyunda da məğlub olduq. Yığmamız iki oyunda da uduzubsa, komandamızın performansını heç cür dəyərləndirə bilmərəm. Hər halda, milli iki matçda uduzursa, heç bir performansdan söhbət belə gedə bilməz. Təəssüf.
- Amin Seydiyev penaltiyə səbəb oldu, ondan öncə də səhvlərə yol vermişdi. Fernandu Santuşun 37-ci dəqiqədə onu əvəzləməsini necə şərh edərdin?
- Baş məşqçi bu oyunda bəzi rotasiyalara getdi. İlk oyunla müqayisədə bəzi oyunçuları oynatmadı. İsveçlə görüşdə Abbas Hüseynov heç də pis təsir bağışlamadı. Baxmayaraq ki, oyun praktikası az idi, zədədən yeni qayıtmışdı. Düzdür, "Qarabağ"da oyuna çıxmışdı. Hər halda, Abbasın potensialı, performansı dərhal göründü. Sevindirici haldır ki, uzun müddət oynamasa da, uzun müddət zədəli olsa belə, sonradan belə performans göstərdi. Millimiz yenə də Abbası qazandı. Fernandu Santuş Slovakiya ilə görüşdə rotasiyaya gedərək Abbası oynatmadı. Yəqin ki, Santuş bütün oyunçuları yoxlamaq istəyir. Bunu anlamaq olar. İkinci oyun idi, millinin baş məşqçisi bütün oyunçuların potensialını görməlidir. Amin Seydiyevi də hamımız tanıyırıq, döyüşkən oyunçudur. Dəyişikliyə gəlincə, onu baş məşqçi bilir. Amma hər halda, birinci hissənin bitməsini gözləyib, sonra dəyişmək olardı.
- Milli komanda həm İsveçə, həm də Slovakiyaya məğlub oldu. Səncə, milli hansı matçda normal futbol oynadı? Ümumiyyətlə, milli normal futbol oynadı?
- Əgər iki oyunda milli uduzubsa, hansısa normallıqdan söhbət gedə bilməz. Ancaq futbolçuların haqqına da girmək olmaz. Birinci oyunda təqdirəlayiq oyun oynadılar. İsveçlə görüşdə yaxşı oynadılar. Birinci yarıda nə qədər epizod var idi, penalti qazandıq, canfəşanlıq oldu. Komandamız sınmadı, yıxılmadı. Məncə, iki oyunu müqayisə etsək, İsveçlə görüşdə daha inamlı təsir bağışladıq. Qola qədər və qoldan sonra da, belə oldu.
- Slovakiyaya qarşı Emin Mahmudovun meydana buraxılmamasını necə qarşıladın? Fernandu Santuş göstərmək istəyir ki, onun üçün vazkeçilməz futbolçu yoxdur?
- Məncə, Fernandu Santuş rotasiyalara gedir. Bura millidir. Millidə əvəzedilməz oyunçu yoxdur. O, hamını yoxlamaq istəyir. Baş məşqçinin verdiyi qərarlardır. Sonda da baş məşqçi öz qərarlarına görə cavabdehlik daşıyır. Millinin nəticələri, qələbəsi, məğlubiyyəti, hamısı baş məşqçinin məsuliyyətidir. Slovakiya ilə matçda Emin Mahmudovu ehtiyatda saxlayıb, digər oyunçuları yoxlamaq istəyib. Millidə əvəzedilməz oyunçu yoxdur.
- Ümumiyyətlə, Fernandu Santuşun komandası Canni De Byazinin, Robert Prosineçkinin, Nikola Yurçeviçin komandasından fərqləndi? Yoxsa, heç nə dəyişməyib?
- İndidən müqayisə aparmaq tezdir. Çünki cəmi iki oyun geridə qalıb. Amma Fernandu Santuş iki oyunla başlayıb. Bəziləri tez, bəziləri isə gec olduğunu deyə bilər. Fernandu Santuş özü də bilir ki, hara gəlib. Bu yükün altına giribsə, gələcək oyunlarda millini inkişafa aparmalıdır. Digər məşqçilərlə fərqləndirmək mümkün deyil. Çünki hər məşqçinin öz oyun stili var. Robert Prosineçkini götürək, milli o dönəmdə tam başqa idi. Canni De Byazi də sonlarda sistemini oturtmuşdu. Nikola Yurçeviçin vaxtından isə danışmaq istəmirəm. Çünki Yurçeviçin vaxtında millidə ağırlığı hiss olunmurdu. Hər məşqçinin öz dönəmi olub. Fernandu Santuş böyük ümidlərlə gəlib. Millimizi irəliyə aparmalıdır.
- Azərbaycan millisinin bu qrupda ümumiyyətlə xal toplaya biləcək? Estoniyadan xal alacağını ehtimal edirsən?
- Deyə bilmərəm ki, Estoniyadan xal alacaq, ya yox. Amma borclarıdır. Hər halda, heç olmasa Estoniyadan xal almalıyıq. Onları məğlub etməliyik. Allah qoysa, millimiz bizi qələbə ilə sevindirər. Onlara uğurlar arzulayıram.