“Neftçi”nin sabiq kapitanı Rail Məlikovun apasport.az saytına müsahibəsi
- Vaxtı ilə kapitanı olduğun "Neftçi" ilin ilk rəsmi görüşündə “Sabah"a uduzdu. Komandanın bu mövsümkü çıxışının uğurlu olmamasını nə ilə əlaqələndirirsən?
- "Neftçi" flaqmandır, həmişə göz önündə, diqqətdə olan komandadır. Ona görə də, həmişə tənqid olunurlar. Çünki hamı öyrəşib ki, qələbə qazansın, zəfər əldə etsin. Komanda yaxşı çıxış etməyəndə də tənqid edirlər. “Neftçi”nin uğurlu çıxış etməməsinə gəlincə, bunu komanda daxilində olanlar daha yaxşı bilər. Kənardan baxanın nəsə deməyi artıqdır. Özləri analiz etməlidir ki, nəyə görə zəif çıxış edirlər.
- Səncə, heyət uğurlu çıxış etməyə imkan verir?
- Komandanın bu cür çıxışına səbəb, keyfiyyətli oyunçuların az olmasından da irəli gələ bilər. Ya da, qış fasiləsində gedənlər oldu, gələnlər var, adaptasiya prosesi keçilməlidir, bəlkə bunu keçməyiblər. "Sabah"a məğlubiyyətə gəlincə, futboldur da, olur. İlin ilk matçı idi. Bir oyunda uduzmaqla komandanın gücünü də bilmək olmaz. Bəlkə yeni oyunçularla komanda get-gedə öz oyununu tapacaq, adaptasiya prosesi gedəcək və qələbələr ard-arda gələcək.
- "Neftçi"dən aparıcı oyunçuları - Mamadu Mboc, Qodsvay Donyo, Yusuf Laval getdi, əvəzinə Höccət Haqverdi, Kilan Lebon, Mateus Saldanya gəldi. Səncə, bu futbolçular "Neftçi"yə kömək olacaq gücdədir?
- Bu məsələləri komanda daxilindəkilər daha yaxşı bilərlər. Rəhbərlik, transfer işlərinə baxanlara da sərf etməz ki, komanda zəif təsir bağışlasın. Çünki bu, onların da nüfuzunu aşağı salır. Gələn və gedənlərə rəhbərlik, seleksiya işinə baxanlar birbaşa məsuliyyət daşıyırlar. Əlbəttə, onlar da çalışar ki, gətirilən oyunçularla daha keyfiyyətli oynasınlar, qələbələr qazanılsın, komandanın nüfuzu düşməsin. Bu, birinci növbədə onlara da mənfi təsir edə bilər. "Neftçi" klubu elədir ki, orada həmişə peşəkarlar işləyib, onlar belə şeyə yol verməzlər. Yəqin ki, gələn transferləri gedənlərdən üstün sayıblar, komandaya daha çox kömək olacaqlarına inanıblar ki, gətiriblər. Yeni gələnlər yəqin ki, komandaya güc qatacaq. Bir oyun uduzmaqla nəsə demək olmaz. Gələn turlarda "Neftçi"nin gücü görünəcək, bir müddət sonra transferlərin düzgün və ya səhv olduğu bilinəcək. “Neftçi” elə klubdur ki, gələn yerli və ya əcnəbi, komandanın ağırlığını bilməlidir. Əsas odur ki, klubun nüfuzunu aşağı salmasın.
- Necə düşünürsən, uğursuz gedişə “Neftçi” “Zirə” ilə matçda son qoyub, geridönüş edə bilər? “Neftçi"nin bu matçdakı şanslarını necə dəyərləndirirsən?
- Geridönüş deyə bilmərəm. "Zirə" də, "Neftçi" də iddialıdır. Hansısa komanda qalib gəlsə, geridönüş olacaq ya, olmayacaq demək doğru deyil. "Zirə" də zəif klub deyil, xal toplamaq istəyir. "Qarabağ"dan aşağıdakı pillədəki, mükafatçılar sırasına düşmək üçün oynayan komandalar aşağı-yuxarı eyni gücdədirlər. Hər iki kluba uğurlar, hansı güclüdür, qalib gəlsin.
- Ümumiyyətlə, bu mövsüm ölkə çempionatında daha çox diqqətini çəkən nə oldu? İllər sonra geri dönən “Kəpəz” və “Turan Tovuz” haqda hansı fikirdəsən?
- Bu mövsüm diqqətimi çəkən VAR sistemi oldu. Bir də "Sabah"ın inkişafını qeyd edə bilərəm. "Şamaxı"da yerli, gənc futbolçularla necə komanda yaradıblar, necə futbol nümayiş etdirirlər, görürük. Yaxşı oynayırlar. "Kəpəz" və "Turan Tovuz" illərdir ki, Premyer Liqada yox idilər. Onların haqqında nəsə deyə bilmərəm. Hər halda, normal dəyərləndirirəm.
- Bu mövsüm “Qarabağ”ın asanlıqla çempionluq qazanacağını düşünürsən, yoxsa “Neftçi” və “Sabah” “Qarabağ”a çətinlik yarada biləcək?
- İnanıram ki, çempion “Qarabağ” olacaq. Siz “Neftçi” və “Sabah”ın “Qarabağ”a başağrı olacağını deyirsiz. Məncə, “Qəbələ” və “Zirə”ni yaddan çıxartmaq olmaz. Qış fasiləsindən sonrakı hissə maraqlı keçəcək. “Neftçi”, “Sabah”, “Qəbələ”, “Sabah” aşağı-yuxarı bir-biriləri ilə eyni gücdədir. Digər klublar daha ambissiyalı olub. Ona görə, daha maraqlı liqa gözləmək mümkündür.
- Yeri gəlmişkən, “Neftçi”nin kapitanı Emin Mahmudovun komandadan gedəcəyi, “Qarabağ” və ya “Sabah” klublarından birinə keçəcəyi söylənilir. Səncə, o, gedərsə, “Neftçi” üçün böyük zərbə ola bilər?
- Mahmudov "Neftçi"nin aparıcı oyunçusudur, aşkar lideridir. Yəqin ki, Emin düzgün qərar verəcək. Emin üçün əsas olan daimi oynamaqdır. Ən idealını fikirləşib, özü qərarını verəcək.