“Yeni mövsümdə bütün klublara uğurlar arzulayıram”.
Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.
Qurum rəhbəri Azərbaycan Premyer Liqasının 2022/23 mövsümü ilə bağlı AFFA-nın inzibati binasında təşkil edilən püşkatma mərasimində jurnalistlərin suallarını cavablandırıb.
- Komandaların sayının artması çempionatımıza nə gətirəcək?
- Ən azı oyunların sayı artır. İkincisi, bütün çempionatın Bakıda keçirilməsi çempionata marağı azaldır. İki komanda Premyer Liqaya yeni qədəm qoyur. Onların növbəti ildə digərlərinə gücünü göstərəcəyinə əminəm.
- Avrokuboklardakı klublarımızın şanslarını necə görürsüz?
- Mətbuatda “Qarabağ”ın şansları az göstərilirdi. Ancaq Qurban Qurbanov “Lex”in adını “lox” elədi. Yazılanlara görə, digər üç klubumuz da mərhələ keçməlidir.
- Premyer Liqa klublarına maliyyə ayrılacağı deyilir. Bu dəfə sonuncu yeri tutan I divizona düşəcək?
- Qərara görə, onsuz da, axırıncı yeri tutan Premyer Liqanı tərk etməlidir, I divizionda da birinci olan elitaya gəlməlidir. Ola bilər ki, birinci yeri tutan komandanın rəhbərliyi Premyer Liqaya hazır olmadığını desin. Kiminsə haqqına girmək olmaz. Bu il dövlət pul ayırırsa, elə həmin komandaya şamil olunsun.
- VAR sistemi səbəbindən oyunların vaxtı uzana bilər. Matçların saatları buna uyğun tənzimlənəcək?
- VAR sistemi ilə bağlı rəhbərliklə görüşdük. Hazırda bir maşınları var və ondan bir matçda istifadə edə bilərlər. Söhbət bölgələrdən gedir. Bakıda belə bir problem yoxdur. Xahişləri belə oldu ki, bölgələrdə eyni gündə iki oyun olmasın. Biz də qərara aldıq ki, turlar cümə, şənbə və bazar günləri olsun.