"Sabah"ın sabiq çalışdırıcısı, Azərbaycan millisinin sabiq futbolçusu Ramin Quliyevin apasport.az saytına müsahibəsi
- Çempionatın lideri "Qarabağ" son turda "Zirə"yə qalib gələ bilmədi. Ağdam klubunun qələbə qazana bilməməsinin səbəbi nə idi?
- "Qarabağ"ın son turda heç-heçə oynaması "Zirə"nin çox istəkli və əzmkar oynamasından irəli gəlirdi. Bəli, Ağdam klubunda yorğunluluq hiss edilir. Çünki milli komandanın toplanışına görə bir çox klubların futbolçuları istirahət etsə də, "Qarabağ"ın oyunçularının bunun üçün vaxtı olmadı. Məncə, hər şey sırf yorğunluluqla bağlıdır. Bu komandanın üzvləri millidə də oynadı. Hamısı üst-üstə yığılanda yorğunluluq ortaya çıxır.
- "Qarabağ" bundan əvvəl də "Sabah"ı məğlub edə bilməmişdi...
- Avropa Liqasından sonra keçirilmiş ilk oyun idi. Sözsüz ki, burada "Qarabağ"ın qarşısına çıxan rəqib amili də var. Hər halda, bu gün "Sabah" turnir cədvəlində liderlər mövqeyində yer alır. Bu mənada, çətin oyun olacağını gözləmək olardı.
- Qurban Qurbanov "Zirə" ilə matçdan sonra bildirdi ki, dinamik oyun nümayiş etdirə bilmədilər. Hətta futbolçuların yorğunluğunu da bildirdi. Bu çətinlik necə yoluna qoyula bilər?
- Dinamika və tempin düşməsi birbaşa yorğunluluq, həddən artıq oyun oynamaqla əlaqədardır. Mənə elə gəlir ki, bu, qış fasiləsinə qədər davam edəcək. Hər halda, ondan sonra düzələcək. Çünki indiki məqamda oyunlar davam edir.
- Bu gün Azərbaycan derbisi baş tutacaq, "Neftçi" "Qarabağ"ı qəbul edəcək. Həmin görüşlə bağlı fikrin necədir?
- Derbi oyunlarda yorğunluluq, mikro zədələr, hər şey yaddan çıxır. Çünki oyununa çıxan komandaların turnir cədvəlində hansı pillədə yer almasının fərqi yoxdur. Çox maraqlı oyun olacağına inanıram. Hər halda, başabaş mübarizə gedəcək.
- İlk dövrədə "Neftçi" "Qarabağ"a qarşı ilk yarıda normal mübarizə aparsa da, fasilədən sonra buraxdığı səhvlər nəticəsində uduzmuşdu. Bu dəfəki oyunun ssenari necə alınacaq? "Neftçi"nin "Qarabağ" qarşısında az da olsa şansı var?
- "Neftçi"nin zədəliləri həddindən artıq çox idi. Bu da oyunlarda öz mənfi təsirini göstərirdi. Çünki kənarda qalan aparıcı oyunçular idi. İndi isə onlar yavaş-yavaş geri qayıdırlar. Derbi elədir ki, favorit tərəfin kim olduğunu demək çətindir. Bu gün daha istəkli, əzmkar oynayan, ən əsası isə daha az səhv edən tərəf qalib gələcək.
- Görünən budur ki, "Qarabağ"a bu mövsüm çempionluq mübarizəsində rəqib "Neftçi" yox, "Sabah"dır. Necə düşünürsən, "Sabah" "Qarabağ"ı bu mübarizədə üstələməsi mümkündür?
- Futbolda hər şey mümkündür. Bu gün "Sabah"ın oyunu göz qabağındadır. Sözsüz ki, heyəti də bu sözləri deməyə imkan verir. Yetərincə keyfiyyətli və təcrübəli futbolçulara sahibdirlər. Çempionat uzundur, oyunlar çoxdur. Qış fasiləsindən sonra hər şeyə aydınlıq gələcək.