"Oyunun gərgin keçəcəyini gözləyirdik. Premyer Liqa klubuna qarşı oynayırdıq”.
Apasport.az xəbər verir ki, bunu “Şamaxı”nın baş məşqçisi Ramiz Məmmədov deyib.
Təcrübəli mütəxəssis Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Səbail”lə matçından sonra mətbuat konfransında fikirlərini açıqlayıb: “Verdiyimiz tapşırıqları futbolçuların 5-6-sı 80-90 faiz yerinə yetirə bilmədilər. "Səbail"in güclü olduğunu bilirdik. Sürətli, texnikalı futbolçuları çoxdur. İlk yarıda aparıcı oyunçulara istirahət vermişdi, gücü ikinci hissəyə saxlamışdılar. Futbolçular verdiyimiz tapşırıqları yerinə yetirə bilmədilər, təcrübəsizliklərini göstərdilər. Buna baxmayaraq, komandamın oyunundan heç bir narazılıq yoxdur. Bizim məqsədimiz bəllidir, Premyer Liqaya vəsiqə qazanmaq istəyirik. İşimiz də bu yöndə gedir. MOİK-lə oyundan sonra komandamızda yeni adlar görəcəyik. Güclənməyə ehtiyac var. "Səbail"ə də gələcək oyunlarda uğurlar arzu edirəm".
- "Səbail"in baş məşqçisi Şahin Diniyev bildirdi ki, futbolçularımızı birinci divizion klublarına pulsuz icarəyə verməyə hazırıq. Bu təkliflərdən yararlanacaqsız?
- Əlbəttə. Niyə də yararlanmayaq? Məqsədimiz azərbaycanlı futbolçularla yolumuza davam etməkdir. "Səbail"i izləyəcəyik. Hansısa mövqeyə istədiyimiz oyunçu olarsa, Şahin müəllimlə danışacağıq və həmin oyunçunu komandamıza cəlb edərik.
- Ümid edirsiz ki, azərbaycanlı futbolçularla birinci liqada çempion olmaq mümkündür?
- Biz məşqçilər məcburuq ki, futbolçularda inam yaradaq və onlar da mübariz olsunlar. İnanıram ki, azərbaycanlılarla birinci liqada çempion olub, Premyer Liqaya qayıdacağıq. Sübut edəcəyik ki, Azərbaycanda futbolçu da var, məşqçi də. Sadəcə, Azərbaycanda infrastrukturu düzgün qurmalıyıq ki, həmin futbolçular yetişsin. Biz onlara şərait yaratmalıyıq.