"Araz-Naxçıvan"ın braziliyalı hücumçusu Ramon Maçado apasport.az saytına müsahibə verib.
- Premyer Liqanın 2-ci turunda "Şamaxı" ilə qarşılaşdınız və qələbə qazandınız. Həmin oyun sizin üçün necə alındı?
- Təbii ki, bu oyuna həftəboyu hazırlaşırdıq. İstəyirdik ki, qələbə qazanaq. Çünki komandamızın məqsədləri var. Buna çatmaq üçün qələbələr qazanmaq istəyirik. Şadam ki, bu mövsüm artıq ilk qələbəmizi, üç xalımızı qazana bildik.
- Vurduğun qolu necə şərh edərdin?
- Komanda yoldaşımdan yaxşı ötürmə aldım və qəbul edən kimi qapıya zərbə vurdum. Şadam ki, "Araz-Naxçıvan" adına ilk qolumuzu vurdum. Amma mən bundan daha çox komandamızın mövsümdəki ilk qələbəsinə, üç xalına sevindim. Bu daha vacib olan məqamdır.
- Bu mövsüm Azərbaycan Premyer Liqasında neçə qol vurmağı planlaşdırırsan? Hədəfin minimum neçə qol vurmaqdır?
- Düzünü deyim, mənim şəxsi, fərdi hansısa məqsədim yoxdur. Mənim əsas məqsədim kollektivin uğurudur. "Araz-Naxçıvan"da hər şey yaxşıdır, yaxşı kollektivə sahibik. "Araz-Naxçıvan"da işlər yaxşı gedirsə, məndə də gedir. Hamımız bu komanda üçün çalışırıq.
- Artıq iki oyuna çıxmısan və bir müddət idi ki, İndoneziyada oynayırdın, burada yox idin. Azərbaycan Premyer Liqasında nə dəyişib?
- İndidən hansısa qiyməti vermək çox erkəndir. Çünki cəmi iki tur geridə qalıb. Amma hiss edirəm ki, Premyer Liqadakı klublar daha da güclənib. Legionerlərin sayı da çoxalıb. Bu da liqa üçün çox yaxşıdır. Premyer Liqa daha da rəqabətlidir. Bunların hamısı zamanla hər mənada çempionata yaxşı təsir edir.
- Növbəti turda rəqibiniz "Zirə"dir. Həmin görüşdə qələbə qazanmaq şanslarını necə dəyərləndirirsən?
- Son turda qələbə qazandıq. Mövsümdəki ilk üç xalımız idi. Amma bu oyun artıq geridə qaldı. Mövsüm davam edir. Biz qarşıdakı tura hazırlaşırıq. Təbii ki, "Zirə" ilə oyun üçün hazırlıqlarımızı davam etdirəcəyik. "Zirə" bu oyunun favoritidir. Bu komanda mövsümə yaxşı başlayıb. Amma biz yaxşı hazırlaşırıq ki, yaxşı oyun keçirək.