“Rapid”in baş məşqçisi: “Neftçi”nin böyük üstünlüyü var”
03.08.2022 - 10:09
“Rapid”in baş məşqçisi: “Neftçi”nin böyük üstünlüyü var”

“Saat fərqi və rütubəti nəzərə almamaq olmaz”.

Apasport.az saytının məlumatına görə, bunu Avstriya klubu “Rapid”in baş məşqçisi Ferdinand Feldhofer Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə Bakıda keçiriləcək ilk oyuna hazırlıq barədə danışarkən deyib.

43 yaşlı mütəxəssis uzaq yol və iki ölkə arasındakı 2 saatlıq fərqi nəzərə alacaqlarını söyləyib. Feldhofer Bakı vaxtı ilə 11:30-da Vyanadan yola düşəcək komandasının proqramında dəyişikliklər edildiyini bildirib: “Biz “Neftçi” ilə səfər matçında Avstriya vaxtını saxlamayacağıq, yerli saata uyğun hazırlaşacağıq. Yatmaq, yemək, məşq rejimi kimi amillər yerli vaxta əsasən tənzimlənib”.

Baş məşqçi qarşılaşmadan dərhal sonra Avstriyaya qayıdacaqlarını əlavə edib: “Bakıdakı oyun başa çatan kimi dönməliyik. Çünki cümə günü səhər saatlarında Şvexatda olmalıyıq”.

Çalışdırıcı II raundda üstələdikləri Polşa təmsilçisi “Lexiya” ilə “Neftçi”ni də müqayisə edib. O, Azərbaycan təmsilçisinin daha güclü olduğunu düşünür: “Gərgin mübarizə gözləyirəm. Biz artıq ilk addımlarımızı atmışıq. “Neftçi” “Lexiya”dan tam fərqli komandadır. Onların əla əcnəbiləri və doğma meydanda böyük üstünlüyü var. Biz əqli və fiziki cəhətdən hazır olmalıyıq”.

Baş məşqçi zədədən əziyyət çəkən yarımmüdafiəçi Patrik Qreylin də komanda ilə birlikdə Bakıya yollanacağını deyib. 

Qeyd edək ki, sabah “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Rapid” oyunu saat 21:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0