Zəfər Kubokunda finalçılar müəyyənləşdi
28.05.2022 - 17:08
Zəfər Kubokunda finalçılar müəyyənləşdi

İdman Araşdırmalar Mərkəzinin (İAM) 10 illik yubileyi münasibətilə jurnalistlər arasında keçirilən mini-futbol üzrə Zəfər Kubokunda finalçılar bəlli olub.

Apasport.az saytının məlumatına görə, Bakı Olimpiya Stadionunda təşkil olunan ilk yarımfinal görüşdə “Xocavənd” və “Qubadlı” qarşılaşıb.

Matçı fəxri qonaq qismində Milli Məclisin 42 saylı Sumqayıt II seçki dairəsindən deputatı, İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri, ATƏT Parlament Assamblyasında nümayəndə heyətinin üzvü, Avronest Parlament Assamableyasında nümayəndə heyətinin üzvü və Enerji Təhlükəsizliyi komitəsinin sədri, əslən Qubadlıdan olan Tahir Mirkişili, Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən Müharibəsi Qəhrəmanı, eyni zamanda "Cəbrayıl, Füzuli və Şuşanın azad olunmasına görə medalları ilə təltif olunmuş Zaur Hüseynov, həmçinin Dünya Kuboku və Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının qalibi, Minsk-2019 II Avropa Oyunlarının gümüş, Avropa çempionatlarının gümüş və bürünc mükafatçısı, əslən Qubadlıdan olan yunan-Roma güləşçisi İslam Abbasov izləyib.

Start fitindən öncə 28 May - Müstəqillik Günü ilə əlaqədar Dövlət Himni səsləndirilib. Qonaqların topa rəmzi toxunuşundan sonra qarşılaşma başlayıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən “Xocavənd” finala yüksələn ilk komanda olub. “Qubadlı” isə 3-cü yeri tutub. Turnirin əsasnaməsinə görə, bürünc medal görüşü olmadığından, yarımfinalda uduzan komanda fəxri diplomlarla təltif olunub.

Yarımfinalın digər oyununda “Suqovuşan” “Ağdam”ı sınağa çəkib. Matçda fəxri qonaqlar kimi Milli Məclisin 113 saylı Şəki şəhər seçki dairəsindən deputatı, Hüquq siyasəti və dövlət quruculuğu, Gənclər və İdman Komitələrinin, eləcə də Yeni Azərbaycan Partiyasının təftiş komissiyasının üzvü, Azərbaycan Respublikasının əməkdar məşqçisi Vüqar İskəndərov, yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, “525-ci qəzet”in baş redaktoru, Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının İdarə Heyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, əslən Ağdamdan olan Rəşad Məcid, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və Avropa çempionu, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının qalibi, dünya çempionatları və Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş medalçısı, müxtəlif nüfuzlu turnirlərin qalib və mükafatçısı, əslən Ağdamdan olan cüdoçu Rüstəm Orucov iştirak ediblər.

Görüş ənənəvi olaraq qonaqların topa rəmzi toxunuşu ilə başlayıb. Rəqibinə 6:1 hesabı ilə qalib gələn “Ağdam” finalda “Xocavənd”ə rəqib olub. “Suqovuşan” isə 3-cü yeri tutub və fəxri diplomlarla təltif olunub. “Suqovuşan”ın tərkibi Birinci Qarabağ və Vətən müharibəsi veteranlarından təşkil olunduğundan, “Ağdam" komandası matçdan sonra rəqib üçün qələbə dəhlizi açıb.

Zəfər Kuboku
28 may
Yarımfinal

“Xocavənd” – “Qubadlı” - 2:1
Qollar: İsmayıl Abdullayev, 8. Tural Məmmədli, 27 - Elcan Məmmədli, 28

“Suqovuşan” – “Ağdam” - 1:6
Qollar: Rasim Məcid, 35 - Şəfail Baxşıyev, 7. Mirbağırağa Cəfərli, 12; 20; 25; 34. Elvin Rüstəmov, 37
Sarı vərəqə: Səxavət Qurbanov, 10. Elçin Cəlilov (baş məşqçi), 11 (hər ikisi "Ağdam"), İlkin Əhmədov, 14 ("Suqovuşan")

Qeyd edək ki, Zəfər Kubokunda həlledici oyun iyunun 19-da - mərhum jurnalist Elnur Əşrəfoğlunun doğum günündə oynanılacaq.

writer photo
Əlirza Əlirzalı
0