Azərbaycan millisinin sabiq forvardı Rauf Əliyevin apasport.az saytına müsahibəsi
- Azərbaycan millisinin bir neçə futbolçusu Türkiyədə iştirak edəcək. Renat Dadaşov "Hatayspor"a, Şahruddin Məhəmmədəliyev "Adana Dəmirspor"la anlaşıb. Onlardan əvvəl isə Coşqun Diniyev "Ümraniyespor", Bəxtiyar Həsənalızadə "Tuzlaspor"a keçmişdi. Bununla bağlı fikrin necədir?
- Əlbəttə ki, legioner həyatı yaşamaq futbolçularımız üçün çox yaxşıdır. Son vaxtlarda oyunçularımız yaxşı təkliflər alırlar və bunu dəyərləndirirlər. Təmsilçilərimizin Türkiyə Superliqası və birinci divizion klublarına getmələri çox yaxşıdır. İstəyərdik ki, daha çox futbolçumuz legioner həyatı yaşasın, xaricdə oynasın. Zaman ötdükcə azərbaycanlı futbolçulara inam da artır. Saya baxanda görürsən ki, sevindirici məqam var. Hamısının da karyerası uğurlu olar və tez qayıtmazlar. Bu da futbolumuz üçün yalnız xeyirli olacaq.
- Hər halda, futbolçularımıza kömək olan məsələ Türkiyədə azərbaycanlıların legioner sayılmamasıdır. Səncə, adıçəkilən oyunçular yeni klublarında uğurlu ola biləcək?
- Özlərindən asılıdır. Daha tez uyğunlaşsalar, daha çox oyun şansı qazansalar, əlbəttə ki, orada daha çox qalacaqlar. Təbii ki, heyətdə möhkəmlənə bilsələr, belə olacaq. Azərbaycan pasportu olan oyunçuların Türkiyədə legioner sayılmaması üstünlüyümüzdür. Fürsətdir. Bundan istifadə etməlidirlər.
- Şahruddin Məhəmmədəliyevin "Qarabağ"ı "Adana Dəmirspor"a dəyişməsini necə şərh edərdin? Səncə, Superliqada adından söz etdirəcək?
- Şahruddin yaxşı qapıçıdır. Son dövrlərdə 2-3 qapıçı çıxıbsa, biri də odur. Səhvləri olur, böyük oyunlarda da bunu etdi. Amma müasir futbolda ayaqla oynamaq lazım gəlir. Etdiyi səhvlərə görə qınaq obyektinə çevrildi, daha çox təzyiqə məruz qaldı. Bunlar da başadüşüləndir. Təkrar səhvlərin olmasından sonra azarkeşlərin təzyiqinin çox olmasına gətirib çıxarır. Ancaq Şahruddin ayaqla oynamağı bacarır. Səhvlər olacaq, bu, futboldur. Lakin Şahruddinin də öz üstünlükləri var, çərçivədə yaxşıdır. Bir çox matçlarda "Qarabağ"ı yaxşı seyvləri ilə xilas edib, komandanın xilaskarı olub. Güclü xarakteri olan idmançıdır. Məncə, Şahruddinin karyerası "Adana Dəmirspor"da uğurlu alınacaq.
- Azərbaycan millisi Belçika yığması ilə qarşılaşacaq. Bu görüşdən hansı nəticəni gözləyirsən?
- Bu gün milli haqda nəsə demək çox çətindir. Son dövrlərdə də qrup matçlarında yaxşı nəticələr qazanmırıq. Növbəti rəqibimiz də qrupun favoritidir, dünya səviyyəsində ən güclü millilərdəndir. Hətta FİFA reytinqində ilk pillədə də yer alıb. Onların futbolçuları top-klublarda oynayırlar. Millimizin bu oyunda nəticə qazanması çətin olacaq. Amma mübarizə aparsalar, əzmkarlıq göstərsələr, bir xal qazanmaq mümkündür. Hər halda, çox çətin görünür.
- Baş məşqçi Canni De Byazinin meydana buraxdığı heyət tez-tez müzakirə olunur. Belçika ilə hansı “11-lik” ideal görünür?
- Onun meydana buraxacağı heyəti dəqiq bilmirik. Amma hər dəfə görürük ki, stoperi sağ cinah müdafiəçisi kimi oynadır. Müəyyən dəyişikliklər edir. Bu da sonradan hamının müzakirəyə çıxaracağı məsələ olur. Heyəti bilmədiyimiz üçün onunla bağlı nəsə demək çətindi.
- Azərbaycan millisi Bakıda Belçikadan xal almağı bacarıb. 2011-ci ildə 1:1 hesabı bitən oyunda mübarizə aparmısan. O matçı necə xatırlayırsan?
- Mənim üçün unudulmaz oyun idi. Bəlkə də, futbol azarkeşləri üçün də belədir. Çünki Azərbaycan millisi kimi böyük komandalardan nə vaxtsa xal alanda həmin görüşlər tarixdə qalır. Belçika ilə oyun ərəfəsində həm jurnalistlərinin, həm futbol adamlarının əksəriyyəti məni axtarır, maraqlanır, bu oyundan danışır. Bu günə kimi kimsə məni görəndə, dərhal Belçika ilə qarşılaşmanı xatırladır. Mənim üçün gözəl anlar idi. Həm qol vurdum, o qol da ilin oyunçusu seçilməyimdə rol oynadı. Mənim üçün çox uğurlu matç alınmışdı. Ona görə də yaddaşımdan heç vaxt çıxmayacaq.
- Səncə, Azərbaycan və Belçika millisi həmin vaxtı daha güclü idi, yoxsa indi?
- Müqayisə etmək çox çətindir. Amma onu bilirəm ki, Belçikanın heyətində Vinsent Kompani, Dris Mertens, Eden Azar, Maruan Fellaini, Aksel Vitsel, Romelu Lukaku kimi ulduzlar çıxış edirdi. Əzmkarlıq göstərmişdik. Bunun da nəticəsində xal almışdıq. Bunu yenə bacarmaq olar. Futbolçularımız bunu etməlidirlər.
- Belçikaya vurduğun qol deyəsən, xüsusi hazırlanmışdı. Çünki Qazaxıstanla matçda da ona bənzər fərqlənmişdin...
- Xeyr, xüsusi hazırlaşmamışdıq. İndi siz deyirsiz, xatırlayıram. O vaxtı da həm Mahirə, həm də mənə bu barədə suallar olmuşdu ki, bunun üzərində çalışmışdınız? Çünki eyni qolu 3-4 gündən sonra Qazaxıstana vurduq. Amma bu cür gedişatın üzərində çalışmamışdıq, sadəcə təsadüfən alındı. Bənzər qollar alındı. Əsas odur ki, iki oyuna dörd xal qazanmışdıq.