“Qarabağ”ın sabiq forvardı Rauf Əliyev apasport.az saytına müsahibə verib:
- "Qarabağ" "Dinamo" ilə Zaqrebdəki görüşdə 0:3 hesabı ilə uduzdu. Sənin üçün gözlənilməz nəticə oldu?
- Əlbəttə ki, gözlənilməz nəticə oldu. "Qarabağ"ın səfərdə minimal hesabla uduzacağını ehtimal etmək olardı. Bərabərlik və ya minimal hesablı məğlubiyyəti gözləmək mümkün idi. Amma 0:3 hesabı bir az adama çətin gəlir. Gözlənilməz oldu. "Dinamo" təcrübəli, tanınmış klubdur. Daim qrup mərhələlərində oynayırlar, inkişaf etmiş futbol ölkəsinin bir nömrəli komandasıdır. "Dinamo" daim gələcəyin ulduz futbolçularını çıxarmış klubdur. Onlar çox ciddi rəqib idi. Təbii ki, hesab tam gözlənilməz oldu.
- Necə düşünürsən, "Qarabağ"ın bu hesabla və ümumiyyətlə, uduzmasının əsas səbəbi nədədir? Ola bilər ki, "Ludoqorets"lə görüşdən sonra yorğunluq hələ keçməmişdi?
- Oyun sarıdan komandamız pis təsir bağışlamadı. O qədər qol epizodu oldu. "Dinamo"nun nə qədər böyük və təcrübəli komanda olduğunu deyirik. Amma "Qarabağ" onlara qarşı bu qədər qol epizodu yaratdı. Açığı, bu qədər qol epizodu yaradacaqlarına da inanmırdım. Lakin epizodlarımız həddindən artıq çox oldu. Özü də 100 faizli qol imkanları var idi. Bəxt amili də öz sözünü dedi. "Qarabağ"da şanssızlıq oldu. Bəlkə də, hesab 1:0 olarkən vuracağımız qol tam fərqli nəticəyə gətirib çıxarardı. Futbolda belə şeylər olur. Vurmayana vurarlar prinsipi yenə işlədi.
- Səncə, "Dinamo" həqiqətən "Qarabağ"ı yaxşı analiz etmişdi, yoxsa problem bizim epizodları vura bilməməyimiz idi?
- Oyunun taleyini həll edən məsələ qaçırılan qol epizodları ilə bağlı idi. "Qarabağ" qol imkanlarından istifadə edə bilmədi, "Dinamo" istifadə etdi. Komandamız irəli atıldı, rəqib də bundan yararlandı. Bakıda komandamıza çətin olacaq. 0:3 hesablı məğlubiyyəti Bakıda çevirmək... Allah qoysa, "Qarabağ" hamının fikrini alt-üst edər və möcüzə yaradaraq lazımı nəticəni qazanıb, qrupa düşər. Amma belə çox çətin görünür.
- Bakıda bu hesabı geri çevirmək, qalib gələrək qruplara düşmək nə dərəcədə realdır?
- Vallah çətindir. Çətin olacaq. Amma ilk oyundakı kimi epizodlar olacaqsa, mümkündür. Epizod çox idi. Ancaq doğma meydanda o epizodları artıq qaçırmayacaqlar. Həmin epizodları yaratsalar, istifadə edəcəklər, əminəm.
- Fabyan Buntiç və müdafiə xəttinin zəif çıxışınının səbəbini nədə görürsən? Buntiç sanki əsas qapıçı olacaq səviyyədə deyil. Müdafiədə isə səhvlər çoxdur. Səncə, niyə bu qədər səhvlərə yol verilir?
- Nə bilim, görünən odur ki, böyük qapıçı deyil. Qapıçı komandanın 50 faizidir. Elə qapıçıya bənzəmir. Doğrudur, komandada yenidir. Adaptasiya olmalıdır. "Qarabağ"dakı əvvəlki qolkiperlər İbrahim Şehiç və Andrey Lunyovu fikirləşəndə, bəli, Fabyan Buntiç görünür ki, o səviyyədə deyil. Müdafiədə boşluqlar oldu. Əsasən də ikinci hissədə çox boşluqlar verilirdi. Komanda irəli atılmışdı deyə, belə alındı. Belə halda boşluqlar olması normaldır.
- Cavab görüşündə Julio Romao oynamayacaq. Marko Yankoviçin də olmayacağı gözlənilir. Səncə, onları kim əvəz edə bilər?
- Orta xətdə iki aparıcı oyunçunun olmaması komanda üçün böyük problemdir. Hər iki oyunçu da əsas heyət üzvüdür. Yankoviçi Patrik əvəz edə bilirdisə, Romaonu o mövqedə əvəz edəcək oyunçu yoxdur. Aleksey İsayev də müdafiə planında o səviyyədə deyil. Riçard Almeyda da həmçinin. Çətin olacaq. Amma yəqin ki, Qurban müəllim orta xətdə bir çarə tapacaq. Ümid edirəm ki, “Qarabağ” cavab oyununda ən yaxşı nəticəni qazanaraq, qruplara qalacaq.