Azərbaycan millisinin və “Kəpəz”in sabiq futbolçusu Rauf Əliyevin apasport.az saytına müsahibəsi
- Əfran İsmayılovla birlikdə “Kəpəz”lə yollarınızı ayırdınız. Qərarını nə ilə əlaqələndirərdin?
- Bəli, “Kəpəz”lə yollarımızı ayırdıq. Qismət belə imiş. Üç-dörd gün bundan əvvəl zədələndim. Halbuki, əvəzedici heyətdə məşqlərə başlamışdım. Əvvəlki zədəm idi, indi daha pis oldu. MRT müayinəsindən keçdim. Həkim dedi ki, oynamasan daha yaxşıdır. Yoxsa ayağını daha da pis edəcəksən. Sonradan klubun icraçı direktoru İlqar Nadirli ilə görüşdük və razılaşdıq ki, yollarımızı ayıraq.
- Onda “Kəpəz”dən ayrılmağın konfliktə görə yox, zədələrə görə oldu? Yəni karyeranı da zədəyə görə başa vurdun?
- Bəli. Dediyim məsələlərdən sonra elə qərara gəldim ki, karyeramı bitirim. Halbuki oynamaq üçün şansım, variantlarım da var idi. Təklifim də olmuşdu. "Şamaxı"da da oynaya bilərdim. Ancaq ayağımın durumu pisdir. Ona görə də, fikirləşdik ki, elə karyeramı başa vursam yaxşıdır.
- “Kəpəz”dəki karyeranı necə dəyərləndirirsən?
- Belə də... Bu komandaya kömək olmaq üçün yollanmışdım, əlimdən gələni də edirdim. Əsas komandada 4-5 oyun oynadım. Hardasa, komandaya kömək edə bilmədim. Sonradan isə məlum problemlər başladı. Əvəzedici heyətdə oynasam da, əlimdən gələni etdim, çalışırdım ki, komandaya kömək edim. Məncə, köməyim bir az dəydi.
- Yəni baş məşqçi Tərlan Əhmədovla ilə konflikt olmasaydı da, ağrılara görə karyeranı bitirəcəkdin?
- Karyeramı kiməsə görə bitirmədim. Hazırda da başqa klubda oynamaq şansım var idi. Ancaq problem ayağımdaydır, konfliktdə yox. Əvvəllər keyidici iynə ilə çıxıb oynayırdım. Lakin son vaxtlarda artıq bu da kömək və təsir etmirdi. Ona görə, özümü lap şikəst etmək istəmədim. Yaxınlarım bilir ki, mən hansı ağrılarla oynayırdım. Ən yaxşısı indi verdiyim qərar olduğunu düşündüm. Zədələr imkan vermədi ki, karyerama davam edəm. Yoxsa, Premyer Liqada oynaya bilərdim. Həmin komandaya da təklifinə görə təşəkkürümü bildirirəm. Amma onlara da dedim ki, zədəyə görə karyeramı bitirəcəm. Ağrılara görə heç cürə oynaya bilmirəm, mümkün deyil.
- Düzdür, Azərbaycanda tez-tez rast gəlinmir, amma adətən xarici ölkələrdə futbolçu karyerasını bitirəndə vida matçı keçirilir. Sənin belə fikrin var?
- Xeyr, belə bir şey fikirləşmirəm. Açığı, heç ağlımdan da keçməyib. Karyeramı başa vurdum, vəssalam.
- Bundan sonra məşqçi kimi fəaliyyət göstərmək istəyirsən, yoxsa futbol sahəsindən uzaq olacaqsan?
- Açığı, istəyirəm ancaq futbol sahəsində olam. Ona görə fikrimi buna yönəldəcəm. Çalışacam ki, məşqçi kurslarına qatılım. Həyat davam edir. Qarşımda yeni məqsədlər olacaq. Necə olacağını zaman göstərəcək.
- Karyerandan razı qaldın? Geriyə baxanda hansı anları xatırlayırsan, hansı qərarlarından peşmançılıq çəkirsən?
- Karyeramın hər bir anı yadımdadır. Harada oynamışamsa da, ən yaxşısını etməyə, bütün gücümü verməyə çalışmışam. Daim mübarizə aparmışam. Azərbaycanın ən yaxşı və ən güclü klublarının hamısında oynamışam. Futbolumuzun ən yaxşı vaxtlarında çıxış etdim. Azərbaycan millisində yaxşı, unudulmaz matçlarım oldu. Hamısı da, bir-bir gözümün qarşısındadır. Uzun illər milli komandamızın şərəfini qorumuşam. Hər zaman da ən yaxşısını etməyə çalışdım. Ona görə karyeramdan razı olduğumu deyə bilərəm. Həm də, azdan-çoxdan Azərbaycan futbolunda tanındım.
- Karyeranın ən yaxşı dövrlərində yəqin ki, xarici klublardan təklif almışdın. Getmədiyinə görə peşman deyilsən?
- Əslində, xaricə yollanmağa vaxt da tapmışdım. Qısa müddətlik də olsa, Albaniyada legioner həyatı yaşadım. Düzdür, lap əvvəllər legioner həyatı yaşamaq üçün təkliflərim olmuşdu. Amma nə bilim, verdiyim qərara görə heç vaxt peşman olmamışam, hamısı ürəyimcə olub.