Rauf Mehdiyev “Qarabağ”ın qapıçıları və məşqçiləri barədə: “... inanmıram”
30.01.2023 - 14:55
Rauf Mehdiyev “Qarabağ”ın qapıçıları və məşqçiləri barədə: “... inanmıram”

"Şahruddin Məhəmmədəliyevin zədələnməsi komanda üçün itkidir. "Qarabağ"ın "Turan Tovuz"la görüşünü canlı izlədim. Düzdür, buraxılan qol anında Luka Quqeşaşvili çıxışda səhvə yol verdi. Amma məncə, bu oyun praktikasının azlığından irəli gəlir”.

Bunu apasport.az saytına "Qarabağ"ın sabiq qolkiperi Rauf Mehdiyev deyib. 

Veteran qolkiper Ağdam təmsilçisinin əsas çərçivə qoruyucusu Şahruddin Məhəmmədəliyevin yoxluğunda "Turan Tovuz"la matçda oynayan Luka Quqeşaşvilinin çıxışını dəyərləndirib. O bildirib ki, Qurban Qurbanovun komandasının 3:2 hesablı qələbəsində gürcü qapıçının üzərinə çox getmək düzgün deyil: “Çünki o, çoxdan idi ki, oynamırdı. Uzun fasilədən sonra rəsmi matça çıxırdı. Bu isə asan məsələ deyil. Əlbəttə, vaxt lazımdır. Tələsmək lazım deyil, qarşıda oyunlar çoxdur. Əgər "Qarabağ" bu qapıçını transfer edibsə, demək ki, ona ümid edir".

Mehdiyev son zamanlar gündəmdə olan, "Bayer"in qolkiperi Andrey Lunyovun "Qarabağ"a keçə biləcəyi haqda çıxan xəbərlərə də münasibət bildirib: "Çox yaxşı qolkiperdir. Hər halda, "Bayer"ə məxsus biridir. Təcrübəli qapıçıdır, yaxşı səviyyədə oyunlar keçirib. Əgər alınsa, "Qarabağ" üçün yaxşı transfer olacaq".

O, "Qarabağ"da qolkiperlərin eyni səhvlərə yol verməsini qapıçı məşqlərinin lazımı hazırlıq keçməməsi ilə bağlı yayılan söhbətlərə də aydınlıq gətirib: "Qapıçı məşqçisində, onların hazırlığında problem olmasına inanmıram. Baxın, "Qarabağ"ın qolkiperləri - Şahruddin Məhəmmədəliyev, Asmir Beqoviç, İbrahim Şehiç neçə illərdir necə yaxşı çıxış edir. Qapıçı elədir ki, psixologiya ilə də bağlantısı var. Səhvlər olur, heç kim bundan sığortalanmayıb. Qapıçı komanda üçün böyük amildir. Onların qapıçıları yaxşı səviyyədədir və indiyə qədər komandada necə qolkiperlər oynayıb".

writer photo
Əlirza Əlirzalı
0